Nəzarətli oyun, sərt lisenziya: Azərbaycan öz modelini yaradır
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu. Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.
Kazino – inkişaf etmiş turizmin komponenti, yoxsa iqtisadi təməl?
Əvvəlcə qeyd edilməlidir ki, doqquz normativ-hüquqi akta edilən dəyişikliklər Azərbaycanın “kazino iqtisadiyyatı” və ya genişmiqyaslı oyun sənayesinə keçidi kimi dəyərləndirilə bilməz. Dövlətin bu sahəyə münasibəti açıq və prinsipialdır: oyun biznesi ölkədə qeyri-neft iqtisadiyyatının aparıcı sütunu deyil, sadəcə “premium” və “elit” turizmin əlavə komponenti kimi nəzərdə tutulur. Bu sahəyə yanaşma tənzimləyici və məhdudlaşdırıcıdır, liberal deyil.
Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir.
Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.