Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan OLUNDU
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Aztime.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 555 bakalavrdan 13 446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5 798 nəfər dövlət sifarişi, 7 648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9 790 nəfər ali təhsil müəssisələrinin cari, 3 656 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.