Xüsusi Komissiyanın siyahısında adı olmayan həkimlərin aqibəti necə olacaq ?
Azərbaycanda plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən, lakin Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi siyahıda adı olmayan həkimlərin taleyi ilə bağlı suallara aydınlıq gətirilib.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayanlar cərrahlar – Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.
Xüsusi Təftiş Komissiyasının qərarının özəl klinikalara göndərilib-göndərilməyəcəyi ilə bağlı məqama gəlincə isə bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” barədə yaydığı məlumatdan sonra ayrı-ayrı klinikalara bildiriş göndərməyə ehtiyac yoxdur.
“Bu siyahı həm Səhiyyə Nazirliyinin rəsmi saytında, həm də ölkədə fəaliyyət göstərən media qurumları və onların sosial şəbəkə səhifələrində geniş yayılıb”, – deyə qeyd edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.