Aleksey Kupriyanov: “Çətin ki, İran və Pakistan arasında müharibə baş versin” – MÜSAHİBƏ
Aleksey Kupriyanov: “Çətin ki, İran və Pakistan arasında müharibə baş versin” – MÜSAHİBƏ
Böyük Yaxın Şərqdə vəziyyət pisləşməkdə davam edir. Yanvarın 18-nə keçən gecə Pakistan İrandakı yeddi hədəfə zərbələr endirib. Bundan əvvəl isə İran Pakistanın Bəlucistan əyalətinə raket zərbəsi endirib. Tehran hədəfinin “Ceyş əl-Ədl” bəluc separatçı qruplaşmasının obyektləri olduğunu iddia edib.
Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub ki, İslamabad İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına yüksək dərəcədə koordinasiya edilmiş və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib.
Ordusunu son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsinə baxmayaraq, Pakistan İran İslam Respublikasını (İİR) qardaş ölkə adlandırıb və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib. Daha əvvəl isə İran “dost, qardaş və qonşu” Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib.
İranla Pakistan arasında nə baş verir? Ərazi bütövlüyü prinsipinə hörməti təsdiqləməklə yanaşı, iki ölkə bir-birinin ərazisinə zərbələr endirib. Nüvə silahına malik Pakistan ilə demək olar ki, nüvə İranı arasında müharibə başlaya bilərmi?
Oxu.Az-ın bu sualını cavablandıran tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Milli Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Hind Okeanı Regionu Mərkəzinin rəhbəri Aleksey Kupriyanov qeyd edib ki, bu mərhələdə çətin ki, müharibə baş versin:
– Hər iki tərəf hərbi obyektlər və ya infrastrukturu deyil, bəlucları hədəf alır. Onlardan heç biri müharibə istəmir.
– Həqiqətən də, hər iki tərəf İran və Pakistan üçün təhlükə yaradan bəluc terror qruplaşmalarını vurur. Bəs koordinasiya edilmiş birgə antiterror əməliyyatları təşkil etmək daha asan olmazdımı?
– Bunlar müxtəlif qruplaşmalardır, o səbəbdən burada hər hansı koordinasiya edilmiş əməliyyatlar aparmaq ehtimalı azdır. Üstəlik, hər iki tərəf bir-birini öz ərazisində yerləşən, sərhəddən qonşu dövlətin ərazisinə yaraqlılar göndərməklə rəsmilərə, hərbçilərə və sərhədçilərə hücum edən qruplaşmaları dəstəkləməkdə ittiham edir.
– Ümumiyyətlə, radikal bəluc hərəkatları nə dərəcədə fəal və təhlükəlidirlər, onların məqsədi nədir?
– Onlar kifayət qədər fəaldırlar, lakin əsasən, bu, nə İran, nə də Pakistan üçün ciddi təhlükə yaratmağa qabil olan aşağı intensivlikli partizan müharibəsidir. Müxtəlif qrupların məqsədləri də fərqlidir – bəluc xalqına qarşı etnik zəmində ayrı-seçkiliyə son qoymaqdan tutmuş, Bəlucistanın tam müstəqilliyinə qədər.
Nair Əliyev