“Əlillik təyin etdirəcəyəm” deyən şəxslə bağlı QƏRAR
“Əlillik təyin etdirəcəyəm” deyən şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərhad Şirinovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarından Fərhad Şirinovun Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (rüşvətə təhrik etmə) maddələri ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə onun həmin maddə ilə və CM-in 29, 178.2.2-ci (dələduzluq) maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilib. Onun üzərində 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İttihama görə, Fərhad Şirinov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən dələduzluq edib, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli ilə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd edib. Eyni zamanda, o, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə, təkrarən, təhrik edib.
Belə ki, Fərhad Şirinov Gədəbəy rayonunda bir neçə vətəndaşa təqaüd verilməsi üçün əlillik təyin olunmasına köməklik edəcəyi barədə yalandan vəd verərək onlara qarşı dələduzluq edib.