Qırmızı dənizdəki hərarət: ABŞ və Böyük Britaniyanın məhv etmək istədikləri fiqur kimdir? – TƏHLİL + FOTO
Qırmızı dənizdəki hərarət: ABŞ və Böyük Britaniyanın məhv etmək istədikləri fiqur kimdir? – TƏHLİL + FOTO
Qırmızı dənizdə İranın dəstəklədiyi proksi qüvvə husilərin ticarət gəmilərinə hücumları davam edir.
Hərçənd ki, ABŞ və Böyük Britaniya Yəməndə husilərə qarşı aviasiya əməliyyatları həyata keçiriblər, lakin bu, nəhəng praktiki əhəmiyyət daşımaqdan çox, simvolik hərəkətdir.
Endirilən hava zərbələrinə ABŞ və Böyük Britaniyadan verilən qiymətləndirmələr:
– Hərbi əməliyyatların husi hərəkatının məhvini ehtiva etmədiyini,
– Hərəkatı Qırmızı dənizdəki hərəkətlərdən çəkindirmək mahiyyətində olduğunu göstərir.
ABŞ-nin mövqeyi onun Qırmızı dənizdə “düşmən tərəflərin naviqasiya azadlığını təhlükə altına almasına icazə verməyəcəyinə dair” aydın mesaj kimi xarakterizə edilir.
Böyük Britaniya isə əməliyyatları məhdud, zəruri və özünümüdafiə üçün mütənasib hərəkət kimi qiymətləndirir.
ABŞ və Böyük Britaniyanın zərbələri, ehtimal ki, husilərə düşmənçilik fəaliyyətlərini dayandırmaq üçün təzyiq göstərmək üçün yeganə mümkün “yaxşı” seçim kimi nəzərdə tutulub.
Lakin bu kampaniya, dediyimiz kimi, simvolik xarakter daşıyır, əsasən, yerli aktorların, gəmiçilik şirkətlərinin və husi hücumlarından sonra daşınma xərclərinin artdığından narahat olan maraqların təzyiqinə cavabdır.
Deməli, ABŞ-Britaniya müttəfiqliyinin hava əməliyyatlarının husilərin hərbi imkanlarına, xüsusən də dəniz əməliyyatlarına əhəmiyyətli təsir göstərməsi ehtimalı çox azdır.
ABŞ ilə Böyük Britaniya üçün indi ən aktual məsələlərdən biri husilərin fəaliyyətini koordinasiya edən İranın “qara qutusu” SEPAH-ın region üzrə kuratorlarını aradan götürməkdir.
Bu, SEPAH-ın Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında İraqda öldürülməsindən sonra SEPAH komandanlarının hədəf lövhəsinə qoyulması prioritetlərinin davamı kimi başa düşülməlidir.
İran husi hücumlarının ideya müəllifi olduğunu danmağa çalışsa da, Yəməndəki qeyri-dövlət aktorunun Qırmızı dənizdəki missiyasına yön verdiyi şübhə doğurmur.
İndi ABŞ və Böyük Britaniya üçün İrandan gələn təlimatları yerinə yetirən komandanın yerini tapıb onu öldürmək regiona “ikiqat bağlama” kimi “hədiyyə” kimi prioritetləşdirilir.
Bəs o şəxs kimdir?
Ümumiyyətlə, belə düşünmək olar ki, İsraillə ABŞ-nin öldürmək istədiyi SEPAH nümayəndələrinin siyahısı fərqlənir. Məsələn, İsrail 2023-cü ilin dekabrında Suriyada üç SEPAH rəsmisinin həyatına son qoydu və bunu ABŞ ilə koordinasiyalı şəkildə etdiyinə dair şübhələr var. Çünki İsraillə ABŞ arasında pərdəarxası intriqalar davam edir, hərçənd ki, onların müttəfiqliyində faciəvi bir soyuqluq da müşahidə olunmur.
Regional kövrəklik fonunda təhlükəsizliklə əlaqədar dilemmaların mövcudluğu ABŞ ilə İsrail arasında etibarsızlıq mühiti yaradır, Təl-Əvivin Vaşinqtondan gələn siqnallara əhəmiyyət verməməsi fonunda bu, daha da qabarıqlaşır.
Buna görə də indi adını çəkəcəyimiz SEPAH nümayəndəsinin öldürülməsi planının ABŞ ilə Böyük Britaniya maraqları kontekstində daha əhəmiyyətli olduğunu deyə bilərik.
Beləliklə, Qırmızı dənizdəki hərbi toqquşmaların qlobal təchizat zəncirlərinə mənfi təsirlərinin, qısa marşrutun uzun məsafə ilə istiqamətlənməsini şərtləndirən husi hücumlarını böyük ehtimalla SEPAH-ın Yəmənin paytaxtı Sənadakı yüksəkrütbəli komandiri Abdul Rza Şahlayi kurasiya edir.
Arayış
Şahlayinin tərcümeyi-halında qlobal miqyasda ABŞ və onun müttəfiqlərini hədəfə almaq hərəkətləri xüsusi yer tutur.
Şahlayi İraqda ABŞ və onun müttəfiqlərinə qarşı çoxsaylı sui-qəsdlər həyata keçirmək üçün ekstremist qrupları silah-sursatla təmin edib. O, 2007-ci ildə İraqın Kərbəla şəhərində ABŞ-nin beş hərbçisinin ölümünə və üç nəfərin yaralanmasına səbəb olan hücumu planlaşdırıb.
O, həm maliyyəçidir, həm də SEPAH-ın regiondakı planını tərtib edən kuratorlardan biridir.
Şahlayi 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dəki səfirini Vaşinqtonda qətlə yetirmək planını maliyyələşdirib və ona rəhbərlik edib. Şahlayi bununla yanaşı, ABŞ daxilində və başqa yerlərdə növbəti hücumlar planlaşdırıb.
ABŞ Xəzinədarlıq Departamenti 2011-ci ilin 11 oktyabrında Şahlayini qlobal terrorçu kimi qəbul edib.
2018-ci ildə Böyük Britaniya, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Bəhreyn də Şahlayini beynəlxalq terrorçu kimi təsnif edib. Şahlayinin başına 15 milyon dollar pul qoyulub.
Lakin Səudiyyə Ərəbistanı İranla yaxınlaşma və ABŞ ilə yola getməmək fonunda Şahlayini edam taxtına çıxarmamaqda maraqlı ola bilər.
Kəşfiyyat məlumatlarına əsasən, ABŞ Bağdadda Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini öldürdüyü gün Şahlayini də Yəməndə məhv etməyə cəhd göstərib. Lakin Şahlayi sui-qəsd cəhdindən sağ çıxıb.
NƏTİCƏ
Deməli, ABŞ və Böyük Britaniya İranın regional və beynəlxalq sabitliyi pozmaq məqsədilə dəniz məkanındakı fəaliyyətinə mənalı cavab vermək üçün Şahlayinin öldürülməsini prioritet hesab edir. Buna görə İranla onun rəqibləri arasında kəşfiyyat səhnəsində daha hərarətli günlərin qabaqda olduğu istisna deyil.
Aqşin Kərimov