Kamran Əliyev: “Azərbaycan millisinə layiq olduğumu sübut etməliyəm” – MÜSAHİBƏ
Kamran Əliyev: “Azərbaycan millisinə layiq olduğumu sübut etməliyəm” – MÜSAHİBƏ
“Qarşıdakı matçlarda komandama daha çox faydalı olmaq istəyirəm və bunun üçün də əlimdən gələni edəcəyəm”.
Bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” klubunun futbolçusu Kamran Əliyev “Report”un suallarını cavablandırarkən deyib.
25 yaşlı yarımmüdafiəçi toplanış, Premyer Liqadakı hədəfləri və özünün “gənclik şəhəri” təmsilçisindəki çıxışı barədə danışıb.
– Yanvarın 6-da Türkiyəyə yollanmısınız, hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
– Təlim-məşq toplanışı, ümumiyyətlə, məşq prosesi həmişəki kimi yaxşı davam edir. Komandamızda hər şey qaydasındadır.
– Qış istirahətiniz necə keçib?
– Tətil vaxtı Rusiyanın paytaxtı Moskvaya getmişdim. Burada ailəm və dostlarımla yaxşı vaxt keçirdim.
– Çempionatın ilk yarısındakı çıxışınızdan razısınızmı? Cari mövsümdəki hədəfləriniz nədir?
– Hazırda bunun bizim üçün istədiyimiz nəticə olduğunu deyə bilərik. 27 xalla 4-cü pillədə qərarlaşmışıq. Bu mövsüm yaxşı çıxış edirik. Nəinki eyni ruhda davam etmək, hətta daha yaxşısını etmək niyyətindəyik.
– Artıq bir ilə yaxındır ki, “gənclik şəhəri” təmsilçisindəsiniz. Öz oyununuzu necə qiymətləndirirsiniz?
– Özümdən 100 faiz razı olduğumu deyə bilmərəm. Qarşıdakı matçlarda komandama daha çox faydalı olmaq istəyirəm və bunun üçün də əlimdən gələni edəcəyəm.
– Bu müddətdə təcrübənizə əsasən, Azərbaycan Premyer Liqasının səviyyəsini necə görürsünüz?
– Bu mövsüm çempionatın necə keçdiyini hamı və siz də görə bilirsiniz. Bütün komandalar digərlərindən xal ala bilir. Rəqabət artıb. Bu isə Premyer Liqanın yaxşı və maraqlı olduğunu deməyə əsas verir.
– Daha əvvəl adınız Azərbaycan millisi ilə yanaşı hallanırdı. 2024-cü ildə yığmada debüt edə bilərsiniz?
– Bunun üçün çox çalışacağam. Həm də mütləq özümü göstərməliyəm. Hər kəsə sübut etməliyəm ki, yığmada oynamağa layiqəm. Bunu bacaracağıma da inanıram.