Avropanın nəhəng aviaşirkətləri İsrailə uçuşları bərpa edir: Reyslər haradan həyata keçiriləcək?
Avropanın nəhəng aviaşirkətləri İsrailə uçuşları bərpa edir: Reyslər haradan həyata keçiriləcək?
Avropanın üç nəhəng aviaşirkəti üç aylıq fasilədən sonra İsrailə müntəzəm uçuşları bərpa edir. Uçuşlar Almaniya, Avstriya və İsveçrədən həyata keçiriləcək.
Hələki Avropa hava limanlarından İsrailə həftədə 20 uçuş planlaşdırılır.
Alman aviaşirkəti “Lufthansa” törəmə şirkətləri olan “Austrian Airlines” və “Swiss” ilə birlikdə artıq 2024-cü il yanvarın səkkizindən İsrailə müntəzəm uçuşları bərpa edib. İlk “Lufthansa” təyyarəsi yanvarın səkkizində Münhendən Təl-Əvivə uçub. Həmçinin ötən gün “Swiss” avialayneri Sürixdən Təl-Əvivə reys gerçəkləşdirib. “Austrian Airlines”ın Vyanadan Təl-Əvivə uçuşu yanvarın doqquzuna planlaşdırılıb.
“Lufthansa” ilə Münhen marşrutu üzrə həftədə üç dəfə, Frankfurtdan Təl-Əvivə isə həftədə dörd dəfə uçmaq mümkün olacaq. “Swiss” aviaşirkəti Sürixdən Təl-Əvivə həftəlik beş, “Austrian Airlines” isə Vyanadan səkkiz uçuş həyata keçirəcək.
“Bu cədvəl Frankfurt, Münhen, Vyana və Sürixdəki mərkəzlər vasitəsilə İsraildən Şimali ABŞ-yə və geriyə uçuşlar təklif edir”, – deyə “Lufthansa”dan məlumat verilib.
Xatırladaq ki, Təl-Əvivdəki Ben-Qurion hava limanı ölkədəki hərbi vəziyyətə baxmayaraq, fəaliyyətini davam etdirir.
Mənbə: Avianews.com