Azərbaycanda kreditlə səyahətə getmək mümkündürmü?
Azərbaycanda kreditlə səyahətə getmək mümkündürmü?
Azərbaycandan xaricə turist axını getdikcə artmaqdadır.
Məsələn, 2023-cü ilin yanvar-noyabr aylarında 1 709,4 min nəfər ölkə vətəndaşı xaricə səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,5% çoxdur.
Sirr deyil ki, Azərbaycanı tərk edənlərin hamısı aviabilet, hotel və digər xidmətlərin haqqını ödəmək üçün eyni maddi imkana malik deyil. Bu baxımdan ödənişin hissə-hissə (tədricən) həyata keçirilməsi insanların işini asanlaşdırardı. Bəs ölkəmizdə kreditlə səyahətə getmək mümkündürmü? “Report” mövzunu turizm üzrə mütəxəssislərlə müzakirə edib.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda kreditlə səyahət etmək təcrübəsi geniş yayılmayıb, bu da kredit təşkilatlarının, o cümlədən bankların turizm şirkətlərinə etibar etməməsi ilə bağlıdır.
“Azərbaycanda turizm şirkəti açmaq çox asandır. Bunun üçün böyük məbləğdə vəsaitə və xüsusi icazəyə (lisenziya) ehtiyac yoxdur. Odur ki, bazar iştirakçılarının sayı getdikcə artır. Bu sahəyə baş vuranların bir çoxu da təcrübəsiz adamlardır. Onlar özlərini sınamaq üçün turizm xidmətləri göstərirlər. Bəzilərində bu iş uğurlu alınsa da, çoxunda uğursuzluqla nəticələnir. Odur ki, nizamsız şirkətlər bazarda çoxluq təşkil edir. Banklar da bunu nəzərə alaraq turizm şirkətləri ilə müqavilə bağlamırlar. Son nəticədə turizm sahəsinin inkişafı üçün ixtisaslaşmış kredit məhsullarımız yox dərəcəsindədir. Bəzən daxili kreditlə tur-paketlər satılır, onları da əsasən xaricə gedənlər alırlar. Çünki daxili turizmdə qiymətlər xarici turizmlə müqayisədə aşağıdır, ölkə daxilində səyahət edənlərin hissə-hissə ödənişə ehtiyacı olmur”, – deyə o qeyd edib.
Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə deyir ki, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hamısı kreditlə və yaxud hissəli ödənişlə tur-paket satmırlar.
“Tur-paketlərin hissə-hissə satılması halları var. Bu da bir növ satış üsuludur. Çünki bəzi insanlar tur-paketin məbləğini bir dəfəyə ödəyə bilmir. Bunu nəzərə alan bəzi turizm şirkətləri məbləğin əhəmiyyətli hissəsini bəri başdan alıb, qalanını aylara bölməklə məhsullarını satmağa çalışırlar. Ya da şirkətlər hansısa bankla anlaşıb müştərilərinə bu imkanı yaratmağa səy göstərirlər. Bunu da ancaq özünəgüvəni olan, bazarı yaxşı bilən, müştəri bazası olan turizm şirkətləri edə bilirlər. Çünki bu məsələdə düzgün siyasət yürüdülməsə, maliyyə çətinliyi yarana bilər. Adətən kreditlə satılan tur-paketlərin qiymətlərinə endirim edilmir. Bu halda nağd ödəniş daha sərfəli olur. Lakin bəzi müştərilər il boyu hissə-hissə ödəməyə üstünlük verirlər”, – deyə o qeyd edib.