“Qarabağ”ın kapitanı: “Bayer” səs-küylü komandadır”
“Qarabağ”ın kapitanı: “Bayer” səs-küylü komandadır”
“Bizim üçün ağır oyun oldu. Rəqibi çox analiz etmişdik. Bilirdik ki, sürətli, texnikalı oyunçuları var. Necə oynamalı olduğumuzu baş məşqçi bizə demişdi”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Norveçin “Molde” klubuna qarşı keçirdikləri matçdan sonra deyib.
Təcrübəli futbolçu qol fürsətlərindən yararlana bilmədiklərini söyləyib:
“Yaxşı imkanlarımız oldu. Hamısından istifadə etmək istəyirdik. Bəzən alınmırdı. 2-3 fürsətdən yararlana bilmədik. İkinci yarıda qol vurduq. Bundan sonra oyuna nəzarət etmək istəyirdik. Bunu da bacardıq. Üç xal qazandığımıza görə xoşbəxtik. Dayanmaq olmaz. Ancaq irəli getməyi düşünməli, xallar qazanmalıyıq”.
33 yaşlı müdafiəçi komandanın arxa xətdə etibarlı olmasına baxmayaraq, irəlidə şanslardan yararlana bilməməsinə münasibət bildirib:
“Müdafiədə də mükəmməl deyildik. Boşluqlar var idi. Yerli çempionat matçı deyil, Avropa Liqasının qrup oyunu idi. İstər-istəməz arxa xətdə, ortada və irəlidə boşluqlar olur. Əsas odur ki, nəticə qazana bildik. Oyunu analiz edəcəyik. Problemlərimizi baş məşqçi bizə göstərəcək. Növbəti oyuna hazırlaşacağıq”.
M.Medvedev Norveç klubunun Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı yaxşı mübarizə aparması, lakin “Qarabağ” qarşısında zəif görünməsini belə şərh edib:
“Molde”nin “Qalatasaray”la oyunu barədə danışmağım peşəkar olmaz. Hər iki matçı izləmişik. Həmin oyunlara, bəlkə də, beş dəfə baxmışam. Baş məşqçimiz bu matçda fərqli tapşırıqlar verdi. Onlardan istifadə edərək qapımızı toxunulmaz saxlaya bildik. Demək olmaz ki, təkcə müdafiə xətti yaxşı çıxış etdi. Hücumçularımız da bu işdə bizə kömək edirdilər. Hər şey onlardan başlayırdı. Çox işlədilər və bizim də işimiz rahatlaşdı”.
Kapitan qrupun favoriti olan Almaniyanın “Bayer” klubuna qarşı psixoloji cəhətdən daha rahat çıxış edəcəklərini vurğulayıb:
“Qrupda ən çətini “Molde” və “Hakken”ə qarşı oynamaqdır. Çünki bu görüşlərdə hamı bizdən qələbə gözləyir. “Bayer” səs-küylü komandadır. Onlara qarşı daha rahat oynayacağıq, nəinki “Molde” və “Hakken”ə qarşı. Düşünürəm ki, o qarşılaşmada psixoloji cəhətdən daha rahat olacağıq”.
Qeyd edək ki, “Qarabağ” “Molde”ni 1:0 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 5-də səfərdə İsveçin “Hakken” klubuna qarşı keçirəcək.
Faiq Tahirov