İcma sözçüsü: “Soydaşlarımızın qayıdış hüququnun görməzliyə vurulması insanlıq əleyhinə cinayətdir”
İcma sözçüsü: “Soydaşlarımızın qayıdış hüququnun görməzliyə vurulması insanlıq əleyhinə cinayətdir”
“Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdış hüququnun görməzliyə vurulması insanlıq əleyhinə cinayətə haqq qazandırmaqdır”.
Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.
O bildirib ki, Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən deportasiya olunan soydaşlarımızın başlarına gələnlər, onların geri qayıdış hüququ və məhv edilən maddi və qeyri-maddi irsimizlə bağlı dünya ictimaiyyətinə məlumatlar çatdırır, beynəlxalq təşkilatlara məktub və müraciətlər ünvanlayır:
“Rəsmi cavab aldığımız bir qisim beynəlxalq qurumlar var. Lakin nəzərə alsaq ki, Azərbaycan, ərazilərinin 30 illik işğalı dövründə ayrı-seçkilik, ikili standartlarla dəfələrlə üzləşilib, Qərbi Azərbaycanlılarla bağlı məsələdə də biz bu yanaşmaların olacağını istisna etmirdik. Çox təəssüf ki, regionda sülhə yönələn addımları sabotaj etmək üçün Ermənistan tərəfindən ortaya atılmış “humanitar böhran”, “blokada” kimi əsası olmayan iddialara, sırf öz siyasi maraqlarından çıxış edən bəzi beynəlxalq aktorların qərəzli yanaşmasını müşahidə edirik. Onların arasında torpaqlarımızın 30 illik işğalı zamanı “biz siyasi qurum deyilik, siyasi bəyanatlar verə bilmərik” deyənlər də var, hansı ki, indi məqsədli şəkildə Azərbaycana qarşı çirkin kampaniyalarda yer alır. Baxmayaraq ki, Qərbi Azərbaycan İcması məhz həmin qurumlara sonuncu deportasiyada – 1987-1991-ci illərdə ən azı 300 000 Azərbaycanlının öz ata-baba yurdundan qovulması və onların bütün beynəlxalq norma və prinsiplərə uyğun gələn geri qayıdışı hüququ ilə bağlı müraciət edib, həmin sözügedən, ikili standartlardan yanaşan təşkilatlar, ölkə və şəxslər hələ ki, adekvat reaksiya bildirməyiblər. Halbuki bu beynəlxalq aktorlar cidd-cəhdlə özlərini qlobal miqyasda insan hüquqlarının carçısı və müdafiəçisi kimi təqdim edirlər. Belə olan halda 300 000 insanın hüququnu görməzdən gəlmək onların tamamilə bu xüsusda riyakarlıq nümayiş etdirdiyini, bu ali məfhumdan öz siyasi maraqları üçün istifadə etdiklərini açıq şəkildə ortaya qoymuş olur. Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdış hüququ bütün beynəlxalq norma və prinsiplərə uyğundur, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə öz əksini tapıb və bu hüququn inkar edilməsi və ya görməzdən gəlinməsi özü insanlıq əleyhinə cinayətə haqq qazandırmaqdır”.