Yüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? – AÇIQLAMA + FOTO
Yüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? – AÇIQLAMA + FOTO
Ötən gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.
Plan yerləri ən çox II ixtisas qrupunda dolub (98,35%). III qrupda plan yerləri 93,74%, IV qrupda 94,36% və V qrupda 91,19% dolub.
İlk mərhələdən sonra I ixtisas qrupu üzrə 1 557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.
Bəs görəsən, plan yerlərinin boş qalmasına səbəb nədir? Əvvəlki illərlə müqayisədə seçim daha azdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, bu il ali məktəblərə qəbul göstəricisi əvvəlki illərə nisbətən kifayət qədər yüksəkdir:
“İlk mərhələdə ümumi qəbul olma 95 faizə yaxındır. Hazırda 3 500 boş yer var. Ən az II ixtisas qrupunda boş qalan yer var. Müraciət edən abituriyentlərin 13-14 mini qəbul ola bilmədi. İndi müəyyən qisminin şansı var ki, boş qalan yerlərə seçim edə bilsin”.
E.Süleymanov qeyd edib ki, yüksək bal toplayan abituriyentlər sırf başqa ixtisas seçmədikləri üçün qəbul ola bilməyiblər:
“Ali məktəblərə qəbul olmayanlar içərisində nəticələri yüksək olanlar da var. Onlar sırf başqa ixtisas seçimi etmədikləri üçün uğurlu nəticə əldə edə bilməyiblər. İxtisas seçimində uğurlu nəticə əldə edə bilməyən abituriyentlərin əksəriyyəti minimum 150-200 bal toplayanlardır. Subbakalavrlar da baş qalan yerlərə ixtisas seçimində iştirak edə bilərlər”.
Ekspert vəziyyətin gərgin olduğunu vurğulayıb:
“Əksər ixtisaslar tamamilə dolub. Boş qalan plan yerləri tədrisi ingilis dilində olan ixtisaslardır. Qəbul olmayan abituriyentlərin ingilis dili səviyyəsinin yüksək olduğunu düşünmürəm. İngilis dilindən nisbi bal 40 olmalıdır. Boş qalan yerlərin əksəriyyəti də regionlarda yerləşən universitetlərdədir”.
“Bu il dövlət sifarişli ixtisaslarda keçid balı azalıb. Bunun da müəyyən səbəbləri var. Dövlət sifarişli yerlər artırıldı. Bu, abituriyentlərin xeyrinə olan bir məqamdır. Ötən ilə nisbətən yerlərin sayı ciddi şəkildə artdı. Uğurlu nəticə ondan qaynaqlandı. Ümumi qəbulun nisbəti yüksəkdir. 96-97 faiz olacağını proqnozlaşdırıram. Bu, müstəqillik dövründən bu günə olan ən yüksək göstəricidir. Bu, ən böyük tələbə qəbuludur. Bununla yanaşı, ən çox dövlət sifarişi ilə qəbul olan tələbə statistikasıdır”, – deyə E.Süleymanov fikrini tamamlayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Bu il ali məktəblərə ilkin yerləşdirmədə 51 941 nəfər (o cümlədən 6 592 subbakalavr) tələbə adı qazanıb. 24 594 (o cümlədən 1 389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5 203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93,94% dolub.
Nəzrin Vahid