Vüsal İsgəndərli: “Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram” – MÜSAHİBƏ
Vüsal İsgəndərli: “Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram” – MÜSAHİBƏ
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda ilk qolunu vurub.
28 yaşlı vinger “Kukesi”yə 4:0 hesabı ilə qalib gəldikləri çempionatın II turunun matçında fərqlənib.
Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmiş oyunçu “Report”un suallarını cavablandırıb.
– Artıq iki aydır ki, Albaniyadasınız. Uyğunlaşma prosesinin geridə qaldığını deyə bilərik?
– Bəli. Kluba, oyunçulara, şəhərə çox yaxşı uyğunlaşmışam. Əlbəttə, komanda yoldaşlarımın da çox böyük köməyi oldu. Mənə hər zaman dəstək oldular. Onlara təşəkkür edirəm.
– Çempionatın səviyyəsi necədir? Bizim Premyer Liqa ilə müqayisə oluna bilərmi?
– Əslində, mənə Türkiyənin “Keçiörəngücü” klubunda çıxış edəndə bu sual daha çox ünvanlanırdı. Amma həmin vaxt da eyni cavabı vermişdim. Çempionatları müqayisə etməyi xoşlamıram.
– Artıq liqada ilk qolunuzu da vurdunuz. Təəssüratlarınız necədir?
– Bu, çox xoş bir haldır. Ötən turun “Skenderbeu” ilə matçında da qol vurmağa yaxın oldum. Amma alınmadı. Qismət, bu qarşılaşmada fərqləndim. Əlimdən gələni edib daha çox qol vurmaq istəyirəm. Hədəflərim var və inanıram ki, buna çatacağam.
– “Eqnatiya” bu mövsüm nəyə nail ola bilər?
– Ən azı UEFA Konfrans Liqasına vəsiqə qazanmaq niyyətindəyik. Amma bizim çempionluğa namizəd və titul üçün oynaya biləcək kollektivimiz var.
– Azərbaycan millisinin növbəti oyunlar üçün açıqlanan heyətindən kənarda qaldınız. Dəvət gözləyirdiniz?
– Milli komanda haqqında heç nə demək istəmirəm.
– Ümumiyyətlə, yenidən çağırılacağınıza ümid edirsiniz? Qarşıdakı hədəfləriniz nədir?
– Yığma barədə danışmaq istəmirəm. Klubla bağlı hədəflərim var. Özümə güvənirəm. Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram.