Səməd Seyidov: “Ermənistan böyük müharibəyə getməyəcək, amma təxribatları genişləndirəcək”
Səməd Seyidov: “Ermənistan böyük müharibəyə getməyəcək, amma təxribatları genişləndirəcək”
“Beynəlxalq təşkilatlar özləri də təxribatları, Ermənistanın sülh prosesindən imtinasını, təəssüflər olsun ki, ört-basdır edirlər. Beynəlxalq təşkilatların bəziləri Ermənistan və onun ətrafında olan qüvvələrin əlində alətə çevriliblər ki, sülh prosesi getməsin, Azərbaycan tərəfindən yaradılmış reallıq işləməsin. Özünüz görürsünüz, Qarabağda qondarma rejimdə istefalar, sərhəddə provokasiyalar – hamısı birmənalı olaraq prosesi uzatmaq, prosesdə gərginlik, qeyri-sabitlik yaratmaq və “bulanıq suda balıq tutmaq” üçündür. Gördükləri bütün işlərin mahiyyəti bundan ibarətdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat prosesin sonunu belə dəyərləndirib:
“Onsuz da Azərbaycanın yaratdığı reallıq öz sözünü deyəcək. Bu, mütləqdir, başqa yolu yoxdur. Ermənistan böyük müharibəyə getməyəcək, ancaq təxribatları genişləndirəcək. Çünki ona bu təxribatlar lazımdır – birincisi, beynəlxalq ictimaiyyəti çaş-baş salmaq, ikincisi, həmin provokasiyalar vasitəsilə masanın arxasından qaçmaq, danışıqlar prosesindən uzaqlaşmaq üçün. Buna görə də təxribatlar genişlənəcək, çoxalacaq. Bunu götürüb beynəlxalq təşkilatlara göndərəcəklər. Guya onlar yox, Azərbaycan tərəfi nə isə edir. Bu, ermənilərin oynadığı köhnə oyundur. Biz bu oyunu çox gözəl bilirik. Nə qədər prosesi uzatsalar da, xeyiri yoxdur, Azərbaycan öz sözünü deyəcək, lazım olsa, adekvat şəkildə cavabını verəcək”.