“Zirə”nin serbiyalı futbolçusu: “Startda qələbələr gözləmirdik” deyə bilmərəm” – MÜSAHİBƏ
“Zirə”nin serbiyalı futbolçusu: “Startda qələbələr gözləmirdik” deyə bilmərəm” – MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının geridə qalan dörd turunda xal itirməyən yeganə komanda “Zirə”dir.
“Qarabağ”, “Kəpəz” və “Sabah”ı 1:0, “Səbail”i isə 2:1 hesabı ilə məğlub edən Bakı klubu 12 xalla turnir cədvəlinə başçılıq edir.
Ötən mövsüm beşinci yeri tutan “qartallar”ın heyəti bu dəfə daha zəngindir. Bunun nəticəsidir ki, bəzi oyunçular əsas heyətdəki yerlərini itiriblər. İlk üç turda ehtiyatda qalan serbiyalı yarımmüdafiəçi Andriya Lukoviç də özünə yer etməyə çalışan əcnəbilərdəndir. 28 yaşlı orta sahə oyunçusu cari mövsümdə ilk matçını IV turda “Sabah”la qarşılaşmanın son dəqiqələrində meydana çıxmaqla keçirib.
“Report”un suallarını cavablandıran Andriya Lukoviç həm komandanın uğurlu çıxışının, həm də özünün əsas heyətə düşə bilməməsinin səbəblərini açıqlayıb.
– Premyer Liqanın IV turunda “Sabah” üzərində 1:0 hesablı qələbə qazandınız. Bunu nəyə borclusunuz?
– Çətin mübarizə oldu. Matçın startı çox yaxşı alındı. Vaxtında qol vurduq. Bütün oyunboyu kompakt çıxış etdik. Məncə, qələbəyə layiq idik.
– Çoxları hesab edirdilər ki, “Zirə”nin əsl gücü bu oyunda bilinəcək. Sizcə, komandanız potensialının neçə faizini göstərə bilir?
– Bu barədə danışmaq üçün hələ tezdir. Amma ümumilikdə vəziyyət yaxşı görünür. Mövsümə uğurlu başladıq. Məşqlərdə bütün gücümüzlə çalışmalıyıq ki, bu gücü qoruyaq və eyni tempdə mübarizəmizi davam etdirək.
– Çempionluğa iddialı “Qarabağ” və “Sabah”ı məğlub etdiniz. İlk dörd turda 12 xal toplayacağınızı gözləyirdiniz?
– Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdik, yoxlama görüşlərində qüvvəmizi sınadıq. Bu üzdən “startda qələbələr gözləmirdik” deyə bilmərəm. Biz hər matçda qələbə qazanmağa çalışırıq. Bir tempdə getmir, turdan-tura “artırırıq”.
– Ötən mövsümlə müqayisədə komandada hansı dəyişikliklər olub ki, indi daha sabitsiniz?
– Oyun üslubumuzu və müdafiə tərzimizi bir az dəyişdik. İndi daha sabitik. Nəticəsi də göz önündədir.
– Bu mövsüm ilk oyununuzu “Sabah”a qarşı keçirdiniz və 86-cı dəqiqədə meydana daxil oldunuz. Əsas heyətdən kənarda qalmağınız nə ilə bağlıdır?
– Mövqeyimdə çoxlu futbolçular var. Komandada işlərin yaxşı getməsindən şadam. Meydanda olduğum hər dəqiqə komandama kömək etməyə hazıram.
– Ötən mövsüm Premyer Liqada 28 oyunda iştirak etmişdiniz. Bu, əsl Lukoviçdir, yoxsa sizə nəsə mane olur?
– Düşünürəm ki, ötən mövsüm komanda olaraq bir neçə yaxşı oyunlarımız oldu. Məsələyə fərdi yanaşmıram. Zəif nəticə göstərdiyimiz matçlar da oldu ki, bu, sonda beşinci yeri tutmağımız ilə nəticələndi.
– Növbəti turda rəqibiniz hələ də xal qazana bilməyən “Qəbələ” olacaq. Ardıcıl beşinci qələbəyə yaxın olduğunuzu demək mümkündür?
– Qəbələdə oynamağın asan olmadığını bilirik. Ancaq yenə də qələbə seriyamızın davamına ümid edirik.