“Artıq proseslər separatçıların istədiyi istiqamətdə davam etmir” – ŞƏRH + FOTO
“Artıq proseslər separatçıların istədiyi istiqamətdə davam etmir” – ŞƏRH + FOTO
“Vətən müharibəsindən sonra Azərbaycan dövləti öz mövqeyini dərhal bildirdi. Erməniəsilli Qarabağ sakinləri, sovet dövründə də orada qeydiyyatda olmuş dinc şəxslər Azərbaycan vətəndaşlığını qəbul edərək, sivil, təhlükəsiz şəraitdə yaşaya bilərlər. Qanunlarımızı qəbul etməyənlər isə ərazilərimizi tərk edib, hansı ölkədə istəsələr, gedib yaşaya bilərlər”.
Bu fikirləri Oxu.Az-a Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilərin Xankəndini tərk etməsi haqqında danışarkən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib. O qeyd edib ki, Xankəndi sakinlərinin sayı ilə bağlı şişirdilmiş rəqəmlər var:
“Qarabağa süni şəkildə kifayət qədər erməni gətirilib. Onların çox böyük qismi yerli sakinlər deyildi. Artıq bu gün həqiqətlər yavaş-yavaş üzə çıxır, bəlli olur ki, məqsədli şəkildə ermənilər oraya köçürülmüşdülər. Sakinlərin sayını çox göstərmək, eyni zamanda, orada müəyyən təxribatların törədilməsi məqsədilə köç həyata keçirmişdilər. Görünür ki, sülhməramlılarla ermənilər arasında hansısa sövdələşmələr olub. Lakin bu məsələ uzun müddət çəkə bilməz. Onlar da başa düşürlər ki, artıq proseslər separatçıların istədiyi istiqamətdə davam etmir. Bu səbəbdən, Rusiya vətəndaşı olan ermənilərin tədricən ərazilərimizi tərk etməsi normal hadisədir.
Hesab edirəm ki, Rusiya vətəndaşları köçüb gedəndən sonra orada imkansız ailələr, Ermənistanın yadından çıxan sadə insanlar, kənara çıxmaq imkanı olmayan ermənilər qalacaqlar. Həmin sakinlərin qısa müddətdə qərar verməyi vacibdir. Ya Azərbaycanın qanunlarına tabe olub, şəxsiyyət vəsiqəsi alıb, Xankəndidə yaşamağa davam etməli, Azərbaycan vətəndaşlarının sahib olduğu imtiyazlardan yararlanmalı, ya da ərazilərimizi tərk etməlidirlər. Amma erməni diasporunun təsiri altında məqsədli şəkildə qanunlarımızı qəbul edib, orada təxribat aləti olaraq yaşamağa cəhd edənlər də ola bilər. Ermənilərin xisləti, məkrli siyasəti, təxribat niyyətləri artıq bizə bəllidir. Tarixən bu xalqın əməllərinin şahidi olmuşuq, başımıza gətirdikləri müsibətləri yaşamışıq. Ona görə hər ehtimala hazırlıqlı olmalı, həmin təxribatçı qrupu zamanı gəlincə zərərsizləşdirməliyik”.
Aqil Məmmədov xatırladıb ki, Ermənistanın Qarabağda qurduğu müvəqqəti qondarma rejimin təsiri altında olan şəxslər qalmaqdadır:
“Lakin faktiki olaraq, həmin qondarma rejim yoxdur və bundan sonra da dirilə bilməz. Azərbaycan öz hüququnu bütün ərazisində tam bərpa edəcək, torpaqlarımız Azərbaycanın qanunlarına uyğun idarə olunacaq. Qarabağdakı ermənilər ölkə rəhbərliyinin təyin etdiyi nümayəndələr tərəfindən idarə olunacaqlar. Qondarma rejimin töküntüləri, onu dəstəkləyən ermənilər də gec, ya tez məcburən ərazilərimizi tərk edəcəklər.
Azərbaycan ermənilərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmişdi. Amma ermənilər həmin yolu bağladılar. Bunu separatçı qüvvələrin və xaricdəki diasporun təsiri altında ediblər. Ermənilər anlamalıdırlar ki, bu cür hərəkət edərək, özlərinə daha ciddi problem yaratdılar. Məhz bu baxımdan da Rusiya qeydiyyatında olan şəxslərin əksəriyyəti ərazilərimizi tərk edir. Öz seçimləridir, hara istəsələr, getsinlər. Qarabağda qalıb, dinc yaşamaq istəyən ermənilərə isə Azərbaycan öz himayəsini təklif edib, şərtlərini bildirib. Onlar Azərbaycanın digər vətəndaşları kimi, ölkə qanunlarını qəbul edib, öz hüquqlarından istifadə edəcək, təhlükəsiz şəkildə Qarabağda yaşayacaqlar”.
Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, əsasən, Qarabağda separatçılığı dəstəkləyən insanlardır.
Aysel Aslan