Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.
“Aztime“ xəbər verir ki, Prezident Ilham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib. Dövlət başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi olduğunu deyib. Azərbaycan prezidenti bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb.
Prezident İlham Əliyev iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verdi. İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu dedi. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulandı.
İsrailin xarici işlər naziri isə Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib. O, bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Nazir İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirdi.
Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxundu. Ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu dedi. Nazir bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirdi.
Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edildi.