Moldova tarixinin ən kritik seçkisi
Sentyabrın 28-i Moldovanın tarixinə ölkənin gələcəyini müəyyən edən gün kimi düşə bilər. Gələn həftənin sonu bu ölkədə kritik, bütövlükdə regionun gələcəyi üçün əhəmiyyətli parlament seçkisi keçiriləcək. Postsovet məkanında Moldova Rusiya və Qərbin mübarizə apardığı bölgələr sırasında xüsusi seçildiyindən, bu seçkinin nəticələri əhəmiyyət kəsb edir. Spesifikliyi də ondadır ki, Kreml uzun müddət necə deyərlər, ölkədə at oynadıb, separatçı qurum yaradıb, istədiyi şəxsi hakimiyyətə gətirib, rusiyapərəst qüvvələrə güclü və hərtərəfli dəstək göstərib. Ukraynada işğalçı müharibə ilə vəziyyət dəyişib. Məhz bu müharibə ilə moldovalılar arasında Qərbə və onun strukturlarına rəğbət artıb. Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı vədlər isə moldovalıları daha da ümidləndirib.
Aztime.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
Kremlin müdaxilə planları
Kreml də sakit dayanmır. Ənənəvi müdaxilə planlarını cızır. Söhbət hələ ki, hərbi yox, seçkilərə müdaxilədən gedir. Təhlükə o həddə çatıb ki, Avropa Parlamenti Moldovada parlament seçkisi ərəfəsində Rusiyanın bu ölkəyə hibrid hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib və Brüsseli Moldovanın Aİ-yə daxil olması ilə bağlı dərhal danışıqlara başlamağa çağırıb. Bu hərəkətlərin ölkədə sabitliyi pozmaq, Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı suveren hüququnu pozmaq məqsədi daşıdığı qeyd olunub. Liberal qrupdan olan Avstriya parlamentinin deputatı Helmut Brandstatterin səsləndirdiyi rəqəmlər isə şok effekti doğurub. Onun sözlərinə görə, Moldovada səslərin satın alınması və parlament seçkisinə təsir etmək üçün Rusiya 350 milyon ABŞ dolları ayırıb. Aİ-ni dərhal hərəkətə keçməyə çağıran deputat bildirib ki, qurum Moldovada müstəqil media, kibertəhlükəsizlik və vətəndaş cəmiyyətinə dəstəyi artırmalıdır. “Biz Moldovanın Aİ-yə daxil olma prosesini sürətləndirməli və aydın siqnal göndərməliyik: Avropa Moldova xalqının yanındadır”, – avstriyalı siyasətçi bildirib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.