Autsayder olacağı gözlənilirdi, nəhənglərə meydan oxuyur
Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə ən çox diqqət çəkən komandalardan biri debütant “İmişli”dir. Liqada ilk mövsümünü keçirən bu klub, gözlənilənin əksinə mövsümə yaxşı start verib və həm azarkeşləri, həm də futbol ictimaiyyətini təəccübləndirdi.
“İmişli” mövsümə diqqətçəkən oyunla başlayıb. Debüt matçında “Turan Tovuz”la oyunda son dəqiqələrdə buraxdığı qolla 0:1 hesabı ilə məğlub olan “İmişli” daha sonra “Neftçi” ilə qolsuz heç-heçə etdi. Komanda üçüncü turda səfərdə “Sabah”ı məğlub edərək (1:0) tarixində ilk Premyer Liqa qələbəsini qazandı. Bu nəticələr debütant komanda üçün müsbət bir başlanğıc sayılır.
“İmişli” klubunun mövsümün əvvəlindəki transfer siyasəti bir çoxları tərəfindən mənfi qarşılansa da, klub rəhbərliyi əslində doğru addım atdığını göstərmiş oldu. Arxa xəttə eyni dildə danışan legionerləri transfer etmək, yarımmüdafiə xəttinə uğurlu transferlər komandanı uğurlu edən amillərdən biridir. Əcnəbi çalışdırıcı baş məşqçi postuna gətirilərkən “İmişli” klubu autsayder kimi göstərilirdi. Lakin klub hazırda keçirdiyi üç oyunla vəziyyətin heç də belə olmadığını sübut etdi.
Hücumda sürətli keçidlər, cinah hücumlarının fəallığı, müdafiədə isə kollektiv iş komandanın balanslı futbolunu təmin edir və bu, baş məşqçi Jorj Kaskilyanın işidir.
Gənc oyunçuların enerjisi ilə təcrübəli futbolçuların liderliyi arasında yaranan harmoniya uğurun əsas sirridir.
Baş məşqçi Jorj Kaskilya və klub rəhbərliyinin düzgün strategiyası “İmişli”nin möhkəm əsas üzərində qurulduğunu göstərir. Məşqçilər korpusunun zəhməti, detallı hazırlıq və oyunçuların motivasiyası, komandanın sistemli şəkildə inkişaf etdiyininin bariz nümunəsidir.
Premyer Liqada ilk mövsümündə belə çıxış edən “İmişli” yalnız nəticələrlə deyil, oyun üslubu ilə də Azərbaycan futboluna rəng qatır. Futbol ictimaiyyəti artıq bunu qeyd edir: “İmişli” liqada qalıcı olmağa və daha böyük hədəflərə çatmağa qadirdir. Nəticə etibarilə “İmişli” Premyer Liqaya sadəcə yeni komanda kimi deyil, meydanda öz sözünü deməyə qadir, mübarizə ruhu yüksək bir kollektiv kimi daxil olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.