Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?
Ermənistanın “Hraparak” qəzeti Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirməsi barədə məlumat yayıb. Xəbərə əsasən, son həftələr Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Bunun hansı məqsədlə edildiyi hələlik məlum olmasa da, versiyalardan birinə görə, Moskva Ermənistanın ondan uzaqlaşmasını həzm edə bilmədiyi üçün bu addımı atır və regionda mümkün dəyişikliklərə hazırlaşır. Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Bəs, Rusiya Ermənistanda hərbi mövcudluğunu niyə artırır və bunun region üçün fəsadları ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan sabiq deputat, siyasi şərhçi Yusif Bağırzadə bildirib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və sazişə uyğun olaraq 25 il üçün nəzərdə tutulmuşdu:”Yəni 2020-ci ildə artıq müqavilənin vaxtı bitməli idi. Lakin Medvedev Rusiya prezidenti olduğu dönəmdə 2010-cu ildə yeni saziş imzalandı və Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu 2044-cü ilə qədər uzadıldı. Bu hərbi bazada şəxsi heyətin sayı 5000 nəfərdən ibarətdir və bu, Ermənistanla imzalanmış ikitərəfli müqavilədə də əks olunub. Bundan başqa hərbi bazadakı texnika sayı da məlumdur. Bura “S-300” hava hücumundan müdafiə raket sistemi, “MiQ-29” döyüş təyyarələri, “Mi-24P” və “Mi-8MT” helikopterləri, həmçinin “T-72” tankları, “BMP-1” piyada döyüş maşınları, “2S1” özüyeriyən haubitsaları, “BM-21 Qrad” reaktiv yaylım atəşi sistemləri və “Smerç” batareyaları daxildir. Lakin 2023-cü ildə bu hərbi texnikanın bir hissəsi və eləcə də şəxsi heyətin təqribən 1500 nəfəri Ukrayna cəbhəsinə cəlb olundu. İndi isə Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yürütməsi, Rusiyaya qarşı mövqeyi Moskvanı Ermənistandakı hərbi mövcudluğunu artırmağa vadar edir”.
“Düşünürəm ki, Rusiya ən yaxşı halda iki il əvvəl məcburiyyət qarşısında 102-ci bazadan çıxarılan texnika və şəxsi heyətin yerini doldurmaq istiqamətində addımlar ata bilər. Sazişdə nəzərdə tutulandan əlavə qüvvənin cəlb olunması indiki halda Ukrayna ilə müharibənin davam etdiyi müddətcə Rusiyanın özü üçün də çətindir. Üstəlik Ermənistan hakimiyyətinin də buna imkan verəcəyi inandırıcı deyil. Çünki Paşinyan da kifayət qədər yaxşı başa düşür ki, 102-ci bazaya əlavə əsgər və texnika yığmaq ilk növbədə Ermənistanın özü üçün təhlükədir”, – ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Rusiyanın Ermənistanda və ümumiyyətlə regionda hərbi mövcudluğunu artırması və ya qorumaq istəməsi Ermənistana və o cümlədən də regiona təsir imkanlarını əldən verməməyə hesablanıb
“Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Rusiyadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən belə çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir. Təbii ki, vəziyyətdən asılı olaraq çevrilişə dəstək və təxribatlarda da hərbi bazadan istifadə olunması ehtimalları var. Üstəlik, Rusiyanın imperiya maraqları və ambisiyaları da məlumdur ki, bu da 102-ci hərbi bazanı təkcə Ermənistan üçün yox, eləcə də Cənubi Qafqaz regionu üçün təhlükəyə çevirir”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.