Ərdoğan: “Biz Türkiyə tarixində terrorsuz yeni bir səhifə açırıq”
“Türkiyədə 47 illik terror bəlası sona çatmaq üzrədir. Bu, tarixə açılan yeni bir səhifədir”.
Aztime.az-ın “TRT Haber”ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf (AK) Partinin toplantısında çıxışı zamanı bəyan edib.
O, terrorla mübarizədə yeni mərhələyə qədəm qoyulduğunu bildirib, Türkiyədə terror təşkilatı kimi tanınan və qadağan edilən Kürdüstan İşçi Partiyasının (PKK) özünü buraxdığını, silahlarını da rəsmi mərasimlə təhvil verdiyini xatırladıb.
Prezident bu prosesin heç bir alver və ya güzəştlərin nəticəsi olmadığını vurğulayıb.
“Qanın dayanması, anaların göz yaşının quruması üçün atılan addımları diqqətlə izləyirik. Lakin hər kəs əmin olsun ki, Türkiyə dövlətinin şərəfini, qürurunu tapdalatmayacağıq, başını heç vaxt əydirməyəcəyik. Terrorsuz Türkiyə layihəmizi də məhz bu anlayışla izləyirik”, – deyə o əlavə edib.
Ərdoğan, MHP lideri Dövlət Bağçalı ilə birlikdə “Terrorsuz Türkiyə” üçün birgə çalışdıqlarını və bu yolda hər cür fədakarlığa hazır olduqlarını deyib.
O, həmçinin bəzi dairələrin terrorun bitməsindən narahat olduğunu qeyd edib və milləti bu manipulyasiyalara uymamağa çağırıb.
“Bu gün bəzi həqiqətləri açıqca danışmaq məcburiyyətindəyik. Terror əməllərindən tərəfdarları qədər əleyhdar kimi görünənlər də faydalandı, milləti istismar etdilər, qeyri-sabitliyi körüklədilər. Terror hücumlarından öz çirkli məqsədləri üçün istifadəyə cəhd etdilər. Bax, onlar bu günlərdə özlərini bəlli edirlər. Terrorun bitməsi ən çox onları narahat edir. Çünki maraqları zədələnir, sxemləri pozulur, əllərindəki oyuncağı itirirlər. Ortalığı qarışdırmağa, zehinləri bulandırmağa çalışırlar. Millət bunları görməlidir”, – deyə Ərdoğan bəyan edib.
Ərdoğan çıxışında 47 illik terror problemi ilə yanaşı terrorun istismarının da bitməkdə olduğunu bildirib:
“Türk, kürd, ərəb – 86 milyon vətəndaşımız qazandı. Xalqın arasında hörülən terror divarı yıxılır. Türkiyə hər kəsin ortaq evidir. Türkiyəni bölməyə heç kimin gücü çatmaz. Amma bizi məşğul etdilər, vaxt itirtdilər, iqtisadi zərər vurdular, enerjimizi sərf etdilər. Ən çox da türklə kürdün arasına nifaq salmağa çalışdılar. 41 ildə kim qazandı? Terror baronları, terror sektoru, qanla qidalananlar, türk, kürd, ərəb üzərində çirkin hesabları olanlar qazandı. Budur, bu gün bu çirkin oyunu, bu nifaq hərəkətini pozur, alt-üst edirik”.
Prezident xalqa səslənərək bildirib ki, Türkiyə Cümhuriyyəti güclüdür və gələcəyə daha ümidlidir.
“İndi silahla deyil, söhbətlə, qardaşlıqla danışma zamanıdır. Problemlər varsa, oturub danışacağıq. Səbir, birlik və dialoqla gələcəyə addımlayacağıq”, – deyə o vurğulayıb.
Prezident, bu məqsədlə Türkiyə Böyük Millət Məclisində komissiya qurulacağını və prosesin qanuni əsasda davam edəcəyini bildirib.
“Cümhur İttifaqı olaraq AK Partiya, MHP və DEM Partiyası ilə bu prosesi birgə aparacağıq”, – deyə o əlavə edib.
Sonda o, prosesin yalnız ölkədaxili deyil, həm də İraq və Suriyadakı kürd qardaşları üçün də əhəmiyyətli olduğunu vurğulayıb:
“Biz onlarla da bu prosesi müzakirə edirik, danışırıq və onlar da çox xoşbəxtdirlər. Türkiyədəki bu inkişaflar, xüsusilə də dünən atılan addımlar İraqda çox fərqli təəssüratlar yaratdı. Suriyadakı kürd qardaşlarımızın da sülh və təhlükəsizlik içində yaşaması bizim üçün vacibdir. Orada da terror dəftərinin bağlanacağına, qardaşlığın və birliyin qalib gələcəyinə ürəkdən inanıram”.
Xatırladaq ki, ötən gün “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə PKK-nın bir qrup üzvü silahlarını təhvil verib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.