Audiovizual Şura bir neçə platformanı 5 000 manat cərimələdi
“Audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən son 2 ayda platforma operatorlarına qarşı inzibati xəta haqqında 11 protokol tərtib olunub”.
Oxu.Az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, aparılan monitorinqlər nəticəsində sözügedən müddətdə “Artkom.Net” MMC, “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Clip TV” MMC, “Bulud Store” MMC (Bulud TV), “Smart Sistemz Technoloji” MMM (ODTV), “Beeonline” ASC, “Rahat Telecom” MMC, “Global Technology” MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya ((hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Belə ki, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.
Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Artkom.Net” MMC “Rahat Telecom” MMC, “Smart Sistemz Technoloji” MMM (ODTV) hər biri 5000 manat cərimə olunub. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.
Şuranın məlumatında vurğulanıb ki, bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizə davam edir:
“Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılıb”.