İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
İtaliyada yol hərəkəti qaydalarının pozulmasına görə cəzaları sərtləşdirən qanun parlamentin aşağı palatasının yekun təsdiqindən sonra qüvvəyə minib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, avtomobil idarə edərkən telefondan istifadəyə görə cərimə 250-dən 1000 avroya qədər artırılır. Bundan əlavə, qanun pozucusu avtomatik olaraq bir həftədən üç aya qədər nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilir.
Avtomobili sərxoş vəziyyətdə idarə etdikdə, dərhal altı aya qədər hüquqdan məhrumetmə nəzərdə tutulur. Bu qayda pozuntusuna görə cərimələr 6 min avroya çatdırılır.
Yenilənmiş məcəllə geniş yayılmış elektrik skuterlərindən istifadəyə məhdudiyyətlər qoyur. Belə ki, skuter sürmək üçün dövlət nömrə nişanı almaq, dəbilqə taxmaq və müvafiq sığortaya sahib olmaq lazımdır.
Həmçinin ev heyvanlarını yolda atıb gedən sürücülərə qarşı ən ağır cəzalar tətbiq edilib. Bu cinayət altı aydan bir ilədək müddətə sürücülük hüququndan məhrum etmə ilə cəzalandırılır. Tərk edilmiş ev heyvanının səbəb olduğu qəzada insanlar həlak olarsa və ya yaralanarsa, onun sahibi yeddi ilədək həbs cəzası ala bilər.