Qərbi Azərbaycan Xronikası: “Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər”
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Almaniyada yaşasam da həmişə yuxuda o yerləri görürəm” adlı veriliş Göyçə mahalının (Qaraqoyunlu dərəsi) Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Zabit Abdullayevin həyat hekayəsinə həsr olunub.
O, 1960-cı il yanvarın 1-də anadan olduğunu, uşaqlıq illərinin doğma kənddə keçdiyini deyib: “Uşaqlar hamısı bir-biri ilə çox mehriban idi. Qışda hər gün odun hazırlayıb içəri daşıyırdıq. Qış aylarının ən yaxşı əyləncəsi xizək sürmək çox xoşuma gəlirdi. Xizəkləri özümüz Göylüc ağacından düzəldirdik. 1967-1977-ci illərdə Əmixeyir kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşam. Müəllimlərin hamısı bizə öz uşağı kimi baxırdılar. Kənddəki Qara bulaq möcüzəvi xüsusiyyəti ilə seçilirdi – qışda isti, yayda sərin suyu olurdu”.
Onun sözlərinə görə, 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində və Qazaxıstanda mühəndis kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ailəsi ilə birlikdə Almaniyaya köçüb.
Z.Abdullayev ermənilərin azərbaycanlılara qarşı məkrli davranışlarından da danışıb, 1988-ci il hadisələrinin acı nəticələrini xatırlayıb: “Ermənilər əvvəllər özlərini dost kimi göstərirdilər. Araq çəkmək üçün bizim kənddən armud yığıb aparırdılar. Bizdə onu yığan və araq çəkən yox idi. O vaxt elə bilirdik ki, yaxşı adamlardır, dostdurlar. Amma axırda camaata çox pislik etdilər, hamısı göz qabağındadır. Ailəmiz kəndin son sakinləri kimi erməni təcavüzü nəticəsində doğma yurdu tərk etmək məcburiyyətində qaldı”.
Əmirxeyir sakini bu gün Almaniyada yaşasa da, doğma yurdu unutmur, Vətənin həsrətini çəkir: “Mən Almaniyada yaşasam da, həmişə yuxuda o yerləri, bulaqları görürəm. Harada hansı bulaqlar var, hamısını bilirəm. Vətən bizimdir. İnsan harada yaşamasından asılı olmayaraq orada doğulubsa, ora onun Vətənidir. Bunu heç vaxt unutmaq olmaz. Mən də istəyirəm ki, o yerləri bir də görüm, gedim o cığırlarda ayaqyalın gəzim, dağın başından düşüm Göyçə gölündə çimim qayıdım”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: “Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər”