Abel Məhərəmov: “Ömrümün son çağlarını Qərbi Azərbaycanda yaşamaq istərdim”
“Bizim bəzi ədəbiyyatçıların əsərləri heç Biləcəridən o tərəfə keçə bilmir”
Bu sözləri sabiq deputat, Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov Modern.az-a müsahibəsi zamanı deyib.
Sabiq rektorla müsahibəni təqdim edirik:
– Abel müəllim, hazırda vaxtınızı daha çox nəyə ayırırsınız?
– Tale belə gətirib ki, alimlik fəaliyyəti ilə yanaşı, həm də ictimai xadim kimi tanınmışam – millət vəkili, rektor olmuşam. İndi o işlərin bəziləri yüngülləşib, bəziləri isə ağırlaşıb, ancaq orta çəki eyni qalır. İnzibatçılıqda azalan yükü vermişik elmi fəaliyyətə. Rektor olduğum müddətdə də elmi fəaliyyətimi kənara qoymadım, həftəsonları tədqiqatçıları universitetə dəvət edib elmi iş aparırdıq. Rəhbərliyim dövründən 80-dən çox alim yetişdirmişəm. Bu gün də alim yetişdirməyə davam edirəm. İndi də bu istiqamətdə işlərim davam edir. İnzibatçılıq elə bir fəaliyyət növüdür ki, ondan uzaqlaşanda adam darıxır. Hazırda Ağsaqqallar Şurasının sədr müaviniyəm. Bu sahədə sistematik tədbirlərimiz həyata keçirilir.
Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışları Azərbaycanda, bütün dünya azərbaycanlılarında böyük inam yaradıb ki, biz o torpaqlarımıza da gedəcəyik. Qərbi azərbaycanlılar üçün qayıdış konsepsiyasının ortaya qoyulması və bizim arzularımızın reallaşması istiqamətində Prezidentimizin gördüyü işlər ölçüyəgəlməzdir. Mən Qərbi Azərbaycan Ağsaqqallar Şurasının üzvüyəm və Amasiya rayonunun icma rəhbəriyəm. Orada da kifayət qədər işlərimiz olur, cürbəcür kitablar yazılır, təqdimatlar edirik.
Bu gün tədris sahəsində də çalışıram, dərs deyirəm, master-klaslar keçirirəm. Uzun illər ailəyə az diqqət yetirmişəm, indi vaxtdan istifadə edib nəvələrimə daha çox diqqət ayırıram.
– Uzun müddət Qərbi azərbaycanlılara “yeraz” deyilirdi, son hadisələrdən sonra bu ad az qala leksikondan çıxır. Necə baxırsınız bu məsələyə?
– “Yeraz” sözü bir sinif kimi ləğv olunub artıq. Yerevan azərbaycanlıları mənasını versə də, bəzən məcazi mənada “yer azdır” və sair kimi mənalarda da işlənirdi bu ifadə.
1988-89-cu illər elə bir dövr idi ki, uşaqlar sənədləri olmadığı üçün məktəbə gedə bilmirdilər. Mən həmin dövrlər dekan vəzifəsində çalışırdım və qaçqın düşən uşaqlar üçün bir neçə məktəb icarəyə götürmüşdüm, universitetdən də dostlarımı, həmkarlarımı cəlb etdim o məktəblərə dərs deməyə. Elə o vaxtdan çox səslənirdi bu “yeraz” ifadəsi. Bu söz çoxunun xoşuna gəlsə də, bir çox Qərbi azərbaycanlının xoşuna gəlmirdi. İndiki vəziyyətdə Qərbi azərbaycanlı olmayana belə “yeraz” desən, o da fəxr hiss edər. Çünki “yeraz”lara xüsusi diqqət olub ölkə səviyyəsində və artıq onlar da öz dədə-baba yurduna gedəcəklər.
– Yeri gəlmişkən, ailəniz bir neçə dəfə deportasiyaya məruz qalıb…
– Ailəmiz üç dəfə deportasiya edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ermənilər də bir tərəfdən çıxıb dedilər ki, bizim yaşadığımız bölgədə Ermənistan Respublikası qurulsun və bunun üçün də əhalinin mütləq-əksəriyyəti erməni olmalı idi. Rəqəmlər isə əksini deyirdi. Azərbaycanlılar hər yerdə çoxluq təşkil edirdi. Bu səbəbdən 1918-ci ildə ilk deportasiya başlandı, həmin dövrdə babam Məşədi Ələsgər ailəsini götürüb Naxçıvandan keçərək İranda yaşamağa başlamışdı. Ondan sonra ermənilər yalançı statistika çıxardılar ki, bu ərazilərdə ermənilərin sayı daha çoxdur, o zaman babalarımız təzədən öz torpaqlarına qayıtdılar. Onların evlərini, mal-mülkünü əllərindən alsalar da, oralarda yaşamağa davam etdilər.
İkinci deportasiya 1948-1954-cü illəri əhatə edir. BMT-nin qərarı ilə xaricdə yaşayan ermənilər qayıtmalıydılar biz yaşadığımız yerlərə. Bizi məcburən öz dədə-baba torpaqlarımızdan çıxarıblar. Atamgil ilk dəfə Saatlıya, Sabirabada getsələr də, daha sonra nənəm xəstə olduğu üçün Ağdama köçüblər, mən də orada doğulmuşam. Atam Böyük Vətən müharibəsinin iştirakçısı olduğundan 6-7 il sonra tələb edib ki, öz dədə-baba yurduna qayıtmaq istəyir və beləliklə, yenidən qayıtmışıq Amasiyaya.
1988-ci ildə yenidən deportasiya olunmuşuq və Bakıya gəlmişik. Ermənilər də bu deportasiyaların nəticəsində özlərinə dövlət qurublar.
– Yenidən Amasiya rayonuna gedib öz kəndiniz Güllübulaqda yaşamaq istəyərdinizmi?
– İstəyərdim. Mən o torpağa borcluyam. İnsanın əsas formalaşdıran iki şey var, bir genetika, bir də doğulub-böyüdüyü yer. Bu baxımdan, mənim cəmiyyətdə mövqeyim, formalaşmağım, həm də o kəndin adı ilə bağlıdır. Ailəm burada qalmağı seçsə belə, mən ömrümün son çağlarını orada yaşamaq, o təbiətlə iç-içə olmaq istərdim.
– Azərbaycanda hansı bölgəni uşaqlığınız keçən Güllübulaq kəndinə bənzədirsiniz?
– Xızı rayonunun Altıağac qəsəbəsində bir evim var. 45 ildir ki, ora gedib-gəlirik. Bəzən kənd təsərrüfatı işi ilə də məşğul oluram orada. Oranın havası da, suyu da, mənzərəsi də bizim kəndə oxşayır. Təbii ki, Azərbaycanın dilbər guşələri çoxdur, amma mən oranı öz kəndimizə çox oxşadıram. Buna görə də, demək olar ki, hər həftə ora baş çəkirəm.
– Öz dövrünüzün gəncliyi ilə indiki nəsli müqayisə edəndə, hansı fərqləri hiss edirsiniz?
– Mənim və mən yaşında olan insanların gəncliyi ulu öndər Heydər Əliyevlə bağlıdır. O dövrün yetirmələri, İlham Əliyev dövrünün də ağsaqqallarıyıq. O həyatı da görmüşük, indikini də. Müqayisə etsək, deyərdim ki, həmin vaxt tək bir partiya var idi, idarə etmək daha asan idi. Demokratiya yox idi, amma ideologiyası daha güclü idi. Zamanla hər şey yerinə oturdu. O vaxt Ulu öndər Heydər Əliyev gəlib deyəndə ki, biz Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quracağıq, çoxuna qəribə gəlirdi. Biz hələ çörək növbəsini ləğv etməli, qaçqınların problemlərini həll etməli idik, sonra demokratiyadan danışarıq, deyə düşünürdük. Amma zaman göstərdi ki, hər şey növbə ilə yerinə oturur. Bu gün 10 yaşla 15 yaş arasında da çox böyük fərq var, o ki qalsın 15 yaşla 75 yaş arasındakı fərqə. Bu gün gənclərimizin böyük bir kəsimi milli-mənəvi dəyərləri heçə sayaraq, qlobal dünyanın ideologiyasından bəhrələnmək istəyir. Amma hər bir millət üçün ilk növbədə milli və dövlətçilik ideologiyası önəmli olmalıdır. Belə olduğu halda gənclərlə ortaq məxrəc tapmaq da, dövləti inkişaf etdirmək də mümkündür. Amma unutmamalıyıq, Prezidentimiz dediyi kimi, torpaqlarımızı Ermənistanın işğalından gənc nəsil azad etdi.
– Bu gün dünyaya lazım olan əsas elmlərin içində ilklərdən biri də kimyadır. Kimyaçı olaraq ölkəmizdə bu sahənin inkişafını necə dəyərləndirirsiniz?
– Azərbaycan kimyaçılarını sayanda deyirlər: “Murtuza Nağıyev, Yusif Məmmədəliyev və sair”. Bu adamlarla biz fəxr edirik. Amma görün onlar hansı dövrün kimyaçılarıdır. Hər dövrün alimini tarixiləşdirmək lazımdır. Ölkə üçün müxtəlif zamanlarda, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şəxslərin hamısı öyrədilməlidir. Murtuza Nağıyevin, Yusif Məmmədəliyevin vaxtından 50 il keçib, necə oldu biz 50 ildə bir kimyaçı yetişdirə bilmədik? Əlbəttə, yetişdirmişik, sadəcə onları tarixiləşdirə bilmirik.
– Həm də ixtiralar kimyaçıları tarixiləşdirir, elmə yenilik gətirməyən birini necə tarixiləşdirək. Siz bu cür adamlar tanıyırsınızmı, elmə ciddi töhfə verib, ancaq biz tanımırıq?
– Tanıyıram. ABŞ ona görə dünyanın ən qüdrətli ölkəsidir ki, oranın nüfuzlu universitetləri var. Orada kifayət qədər savadlı elm adamları var, onlarda universitetin keyfiyyəti divarından və ya ölkənin xarici siyasətindən asılı deyil. Əsas olan yeni nəsli yetişdirə biləcək savadlı, ixtisaslaşmış kadrların olmasıdır. Elm adamının kəşfi istehsalata çıxa bilir. Elmi kəşfləri kimlər yarada bilir? Elmi məktəbləri olan ölkələr. Buna şərait yaratmaq lazımdır. Kimya elə bir sahədir ki, orada hansısa kəşf bütün dünyada tanınacaq. Yoxsa ədəbiyyatı dünya oxumağa məcburdurmu, heç oxusalar da, başa düşməzlər. Bizim bəzi ədəbiyyatçıların əsərləri heç Biləcəridən o tərəfə keçə bilmir.
Ancaq kimyaçılarımızın, fundamental təbiət elmləri adamlarının yazıları dünya müstəvisində qəbul olunub. O insanları orta məktəb kitablarına salmaq lazımdır ki, gənclər oxuyanda o zəncirin qırılmadığını hiss etsin.
– Abel müəllim, siz də qeyd etdiniz ki, insanı formalaşdıran amillərdən biri də böyüdüyü yerdir. Bir də belə bir deyim var ki, insanların xarakteri doğulduğu yerin təbiətinə oxşayır. Bu baxımdan sizin təbiətiniz həmin mühitə oxşayır?
– Güllübulağın havası kifayət qədər sərt olub, buna mən özüm də şahid olmuşam. Elə olub qapıdan çıxa bilməmişik, bizi bacadan iplə çıxarıblar. O, acı, çətin günlər mənim xarakterimin formalaşmasında çox rol oynayıb. Sərt iqlim insana mübarizliyi də öyrədir. Mən kəndimizdə o cür qarda 12 km uzaqdakı məktəbə gedirdim. Soyuqdan donmamaq üçün üç-dörd qat paltar geyinib meşənin içi ilə qorxa-qorxa yol gedirdik. Böyüdüyüm yerin iqlimi, havası, suyu hər şeyi mənə təsir edib. Onu da qeyd edim ki, mən çox kitab oxumuşam, çox ölkə gəzmişəm və görmüşəm ki, qışı sərt oldu-olmadı bir ərazinin təbiəti nə qədər gözəldirsə, insanları da bir o qədər istedadlı olurlar. Təbiət də öz təsirini göstərir.
– Qərbi Azərbaycanın Amasiya rayonu Türkiyənin Qars şəhəri ilə sərhəddə yerləşir. Müsahibələrinizin birində qeyd etmisiniz ki, bəzən sərhədə gedib Qarsa həsrətlə baxırmışsınız ki, orada bizim kimi türklər var. 1988-ci il deportasiyasından sonra isə Qarsa getdiniz, hətta Qars Dövlət Universitetinin fəxri professoru adına layiq görüldünüz. Bizim üçün maraqlıdır, Qarsa gedəndə hansı hissləri keçirdiniz?
– Bir vaxt Amasiyadan Qarsa baxırdım, sonra da Qarsdan Amasiyaya baxdım. Biz coğrafi olaraq da Qarsa çox yaxınıq, həm də o vaxt sərhəd kəsiləndə atamın əmisi, xalası uşaqlarının yarısı qaldı orada. Bir vaxt Qarsa baxanda onları da fikirləşirdim. Atam bir müddət kolxoz sədri işlədi, bəzən onun hesabına lap sərhədə gedə bilirdim. Qarsa da gedəndə Amasiyaya baxıb oradan ötrü darıxırdım, oranın həsrətini çəkirdim. Kəndimizdə keçən uşaqlıq, məktəb illərimiz gözümün qabağından keçirdi.
– Sizi BDU-ya bağlayan çox şey var. Ailə həyatınız da, iş yeriniz də ora ilə bağlıdır. İstərdik bizimlə də bölüşəsiniz: həyat yoldaşınızla necə tanış oldunuz, ilk dəfə universitetdə laborant kimi necə işə düzəldiniz? BDU sizin üçün nədir?
– Mən o universitetlə nəfəs alıram. Mənim bir iş yerim olub. Universitetin rektorluğundan çıxandan sonra başqa yerdə də işləyə bilərdim. Ancaq ora o qədər bağlıyam ki, elə bilirəm nəfəsim onunla gedib-gəlir. Mən bunu da analiz edirəm ki, orada qalmağım bir o qədər də düzgün deyildi. Ancaq insan bəzən bağlı olduğu yerləri reytinqindən üstün tutur.
Hər bir xanım üçün də, kişi üçün də beynində formalaşdırdığı ideal insan portreti var. O insanı görəndə deyirsən ki, elə axtardığım bu idi. Mən yoldaşımı ilk dəfə universitetdə gördüm. 10-cu sinfi bitirib gəlmişdi, 3-4 ay idi laborant işləyirdi. Mən də yuxarı kursda oxuyan tələbə idim. Görəndə elə düşündüm ki, mənim istədiyim cizgilər bunda var. Sonra yaxınlaşdım, tanış olduq.
Uzun müddət keçdi. Biri-birimizi daha yaxşı tanıdıq, sevdik. Sonra mən getdim Moskvaya. Hamı düşünürdü ki, bu getdisə, bir də qayıtmaz. Amma orada nə qədər gözəl çox qız olsa da, Bakıdakı o cizgilər artıq mənim başıma yerləşmişdi. Müdafiəyə yaxın nişanlanmaq istəyimi valideynlərimə bildirdim. Qərbi Azərbaycandan anam-atam hamısı gəldi. Biz evləndik, həyatımızı qurduq, iki övladımız oldu.
Hər ikisi də cəmiyyətdə özünü təsdiq edən insanlardır.
Sualın ikinci hissəsinə gəldikdə isə mən hər şeydən dərs alan insan olmuşam, Moskvada təhsil aldığım mühitdə çox şey öyrəndim. Qayıdıb gələndə düşündüm ki, yollar yaşıl işıq olacaq, hər şeyi həll edə biləcəyəm, amma gəlib gördüm ki, vəziyyət elə deyil. Bir tərəfdən də biz 7 uşaq idik, ən böyük mən olmuşam. Onlara yük olmaq istəməmişəm heç vaxt.
Rektorun qəbuluna gedəndə ona dedim ki, siz sona qədər dinləsəniz, məni işə götürəcəksiniz. O da əsəbi formada mənə dedi ki, qəbulu necə aparacağını ona öyrətmək düz deyil. Bu sözə görə də 6 ay işsiz qaldım. Ancaq tale elə gətirdi ki, mən o rektorun ən qabaqcıl adamlarından birinə çevrildim. Bu hadisə mənim həyatımda xüsusi rol oynayır. Rektor olduğum 20 ildə həmişə çalışmışam ki, tələbələrin, müəllimlərin, valideynlərin şikayətlərini sona qədər dinləyim.
– Rektor olduğunuz 20 ildə minlərlə sənəd, 100 mindən çox diplom imzalamısınız. Bu müddətdə hansı sənədi imzalamaq sizin üçün daha fərqli olub.
– 1999-cu ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin olunanda bizim çox geniş söhbətimiz oldu. Universitetin tarixindən tutmuş, mənim fəaliyyətimə qədər bir çox məsələ haqqında söhbət etdik.
Ümummilli liderimiz mənə çoxlu məsləhət verdi. Bu 20 ildə hər dəfə qələmi əlimə alıb nəsə imzalayanda, o məsləhətlər yadıma düşüb, həmişə ədalətli olmağa çalışmışam. Tələbələrin xaric olunması üçün sənədə imza atanda səhərə qədər yatmadığım günlər olub. O sənədə imza atana qədər 4-5 dəfə tələbəni, müəllimi çağırıb danışmışam, bəzən məsələləri həll edə bilmişəm, bəzən də məcbur qalıb həmin sənədə imza atmışam. O vaxt ödənişli təhsil yeni-yeni yaranırdı, hamının da imkanı çatmırdı ödəniş etməyə. Təhsil haqqını ödəyə bilmədiyinə görə nə qədər tələbəni xaric etmək üçün müraciət olunurdu. Valideynlər qəbuluma gəlirdilər, baxırdın qışın günündə yay ayaqqabısı ilə gəlib. Nanotexnologiya üzrə birinci yerə çıxdığım üçün mənə 5000 dollar verilmişdi, həmin pulu təhsil haqqını ödəyə bilməyən tələbələrin borclarını bağlamaq üçün universitetə köçürdüm.
– Geriyə baxanda nələr üçünsə təəssüflənirsiniz?
– Mən bir az da çox işləyə bilərdim, gərək bir az da çox şey edərdim. Həm elmi, həm də inzibati sahədə.
– İndiki nəslin təhsil məsələsi sizi qane edirmi, tövsiyəniz nədən ibarətdir?
– Təhsil prosesi bağçadan tutmuş ali məktəbə bitirənə, fəlsəfə doktoru olana qədər davam edir. Hamısı biri-biri ilə bağlıdır. Gənclərin yetişməsində hər birinin özünün xüsusiyyəti var. Yaxşı qiymət almaq o demək deyil ki, gələcəyin alimisən. İndi yaxşı əzbərləyənə yaxşı oxuyan deyirlər. Düşünmək lazımdır tələbə aldığı təhsili neçə il özü ilə apara bilir? Universitetlərin səviyyəsi, reytinqi də indi bu meyarla ölçülür. Dərs o qədər keyfiyyətli olmalıdır ki, yaxşı film kimi yaddan çıxmamalıdır. Məlumat elə verilməlidir ki, o, biliyə çevrilsin. Tələbənin qarşısına elə proqram, elə mühazirə qoyulmalıdır ki, o, dərsdən çıxandan sonra kitabxanaya, laboratoriya qaçsın. Bolonya sisteminə inteqrasiya etmişik, bu sistem bizə dərsin saatını azaldıb, tələbənin fərdi inkişafını üstdə tutur.
– Əzbərçilik məsələsinə toxundunuz. Dövlət İmtahan Mərkəzinin imtahan sistemi sizi qane edirmi?
– Mən və bir çox alimimiz orta məktəb təhsili ilə gəlib universitetə qəbul olunmuşuq. İndiki dövrdə xaricə gedib oxuyanlar alimlik dərəcəsi ala biləcək. Test üsuluna məcbur olub əl atıblar. Orta məktəbin səviyyəsini yüksəltmək lazımdır, yeni, önəmli fənlər keçirilməlidir. Normal orta məktəb həm bilik verir, həm də uşaqları gələcəyin məsuliyyətli vətəndaşı kimi yetişdirir. Məsələn, ədəbiyyatı yaxşı bilən avtobusda dava salmaz, növbə gözləyər və sair. Bu sualın birmənalı cavabı yoxdur. Bu kimi məsələlərə sistemli baxılmalıdır və bu kimi məsələlərə inzibatçı deyil, təcrübəsi olan, zəkalı insanlar baxmalıdırlar.
– Abel Məhərrəmovun təcrübəsindən Azərbaycan təhsilinin hazırkı dövründə səmərəli istifadə olunurmu?
– Mənim fəaliyyət dairəm çox dardır, başqa sahələrə çox müdaxilə etmirəm. Mənə ancaq sual veriləndə düşüncəmi ortaya qoyuram. Ancaq öz təcrübəmdən, öz fəaliyyət müstəvimdə yazıb-pozuram. Dediyimiz o islahatlar ki var, o islahatlara biz cəlb olunmamışıq. Heç mən düşünmürəm də cəlb olunam və yaxud da bunu arzu da etmirəm. Məsləhət olsa, əlbəttə ki, adam xalqı, milləti üçün hər şeydən keçər. Ancaq məsləhət olmayanda da təhsil sistemində belə boşluqlar yaranır.
– 20 il Bakı Dövlət Universitetinin rektoru olmusunuz. İndiki rektorun sizə münasibəti necədir. Sizinlə görüşürmü, müzakirələr aparırmı?
– Xeyr, bizim heç bir müzakirəimiz olmayıb.