Qətərdə israilli girovların azad edilməsi ilə bağlı danışıqlar yenidən başlayır
İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea israilli girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün bazar günü – oktyabrın 27-də Dohaya gedəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqların növbəti raundunda, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman ət-Tani də iştirak edəcək.
“Tərəflər son hadisələr fonunda HƏMAS-ın əsir götürdüyü girovların azad edilməsi üzrə danışıqlara başlamağın müxtəlif variantlarını müzakirə edəcəklər”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, girovların azad edilməsi ilə bağlı danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə aparılır.
Xatırladaq ki, avqust ayında da Dohada Qəzza zolağında atəşkəs elan edilməsi və israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr aparılmışdı.