İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü
“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 585.71 manat təşkil edir.
Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.
Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.
Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.