Ukraynanın baş prokuroru istefa verib
Ukraynanın baş prokuroru Andrey Kostin vəzifəsini tərk etdiyini açıqlayıb.
Oxu.Az “Unian”a istinadən xəbər verir ki, bu barədə onun Baş Prokurorluğun “Telegram” kanalında dərc olunan bəyanatında bildirilib.
“Ukrayna prezidenti bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının hökumət məmurlarının saxta əlilliyi ilə bağlı açıq-aşkar əxlaq qaydalarına zidd vəziyyətlə bağlı iclas keçirib. Hazırda ölkədə bütün səviyyələrdə yoxlamalar aparılır, cinayət işləri araşdırılır” , – Kostin qeyd edib.
O əlavə edib ki, Ukrayna prokurorluğu sistemində çoxlu biabırçı sui-istifadə faktları müəyyən edilib.
Kostin vurğulayıb ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini tamamilə düzgün hesab edir. O bildirib ki, yalnız əlillik, müvafiq pensiya və digər ödənişlərin verilməsi ilə bağlı bütün qanunsuz qərarlar ləğv edilməli deyil, həm də aydın qanunvericilik və təşkilati dəyişikliklər edilməlidir. Həmçinin, şəxsi və siyasi məsuliyyət də olmalıdır.