COP29 Media Mərkəzində çalışacaq jurnalistlər üçün akkreditasiya davam edir
“COP 29 Media Mərkəzi üçün 6 325 kvadratmetr ərazidə 1 200 media nümayəndəsi üçün tam rahat şəkildə iş şəraiti təmin edilib”.
Oxu.Az xəbər verir ki, bunu Bakı Olimpiya Stadionuna təşkil edilən mediatur zamanı COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib.
“COP29 üçün media mərkəzi, demək olar ki, hazır vəziyyətdədir, bəzi xırda detallar üzərində iş gedir. Media üçün xüsusi iş otaqları ayrılıb. Televiziya və radio yayımçıları və yazılı mətbuat üçün də iş otaqları ayrılıb. TV və radio yayımçıları üçün 330, həmçinin, yazılı media üçün də 300 iş masası ayrılıb. Eyni zamanda, media üçün ofislər, iş otaqları da ayrılıb ki, həmin ofislər tam rahat avadanlıqlarla təmin olunub.
Ayrıca studiyalar da var ki, onları COP29-da qeydiyyatdan keçərək rezerv etmək mümkündür. Hazırda akkreditasiya prosesi davam edir, indiyədək 2 700 media nümayəndəsi qeydiyyatdan keçib. COP29 Media Mərkəzinin iş saatları isə saat 8:00-dan 20:00-a qədər nəzərdə tutulub”, – deyə P.Pirimov əlavə edib.
Əzizə İsmayılova