Keçmiş arvadının evinə gizli girdi – Cinayət işi açıldı
Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü Mamed Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra Həsənsu kəndində anasından miras qalmış evdə yaşamağa başlayıb. M.Hacıyev isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 5 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.
Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddə üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.