Xalq şairi Məmməd Arazın doğum günüdür
Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur.
Oxu.Az xəbər verir ki, böyük sənətkar 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. O, ilk təhsilini elə həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. O, 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
M.Araz bir çox mədəniyyət sahəsində fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb. Bundan başqa, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-81-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Xidmətlərinə görə Məmməd Araza 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairi 1995-ci ildə ümummilli lider Heydər Əliyev “İstiqlal” ordeninə layiq görüb.
Məmməd Araz həm də 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən isə görkəmli şairimizin adına “Məmməd Araz” mükafatı təsis olunub.
Məmməd Araz təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxaran görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan fəlsəfi və siyasi lirikası onun sayəsində daha da zənginləşib.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları olub. Bu kitablardakı əsərlərinin böyük hissəsi xarici dillərə tərcümə edilib.
Böyük sənətkarımız 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Bakı metrosunun “Gənclik” stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən küçəyə Məmməd Arazın adı verilib.