Bakıda sakinlərin şikayət etdikləri təhlükəli obyekt BAĞLANDI
Bakının Nəsimi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Bir müddət əvvəl Tbilisi prospekti, 44C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri Oxu.Az-a müraciət edərək, binanın altında fəaliyyət göstərən avtomobil təmiri sexinin təhlükəli olduğu, ərazidə bir neçə dəfə yanğın baş verdiyi barədə məlumat vermişdilər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq həmin obyektin fəaliyyətinə son verilib.
Məlumatda qeyd olunub ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:
“Avtomobil təmir sexi çoxmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşdirilmişdi və avtomobillərə texniki xidmət fəaliyyəti göstərilirdi. Obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilmiş və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə olunurdu. Həmçinin, avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdə idi, odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmamışdı, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdi. Eləcə də mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilatlar tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməmiş, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmamışdı”.
“Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – məlumatda qeyd olunub.
Bakıda sakinlərin şikayət etdikləri təhlükəli obyekt BAĞLANDI
Aytac Qasımova