Siz deyin, nədir Bəhruz Səmədov?
Vətəni, vətən sevgisini ifadə etməyə nə var ki… Hər gözəl sözdən, hər gözəl andan, hər gözəl xatirədən bir pay tapa bilərsən. Ən gözəl hissləri, tərifsiz məqamları, dünyanın ən ali anlayışlarını Vətənə aid edə, Vətəni tərənnüm edə bilərsən. Çətin bir şey varsa, o da Vətənsizlərdən yazmaqdır.
Vətəni satan, öz xalqına, doğma yurduna kəm baxan, düşünmədən onu satanlardan yazmaq elə çətindir ki, hansı sözlə ifadə edəsən, hansı xəyanətinə ad tapasan, hansı xislətinə söz qoşasan…
Amma belələrini ifşa etmək, Vətəni satanların əməllərini iflasa uğratmaq, onların Vətənsiz olduğunu gün üzünə çıxarmaq da bir borcdur…
Elə isə tanıyaq Bəhruz Valeh oğlu Səmədovu. Daha doğrusu üzdə olan üzünü yox, qəlbinin qaranlığında gizlətdiyi əsl simasını ortaya çıxaraq.
Qısaca desək, Bəhruz Səmədov erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan kimi erməni casusların əlində oyuncağa çevrilən, pul qarşılığında Vətənini, dövlətini, xalqını peşkəş çəkən, erməni kilsəsi, erməni diasporu üçün doğma Vətəni barədə informasiya toplayıb satan biridir. O əməlləri ifşa olunduqdan sonra ölkədən himayədarlarının məskən saldığı Qərbə doğru qaçmaq istəyərkən saxlanılıb, məhkəmə qərarı ilə həbs edilib.
Yəqin ki, hər kəs 44 günlük Vətən müharibəsini, həmin günləri, sevinci və kədəri birlikdə yaşadığımız günləri yaxşı xatırlayır. Vətənin igid oğulları, qəhrəman övladları bir çox hallarda heç vaxt ayaq basmadıqları, havasını udmadıqları, suyunu içmədikləri bir Vətən torpağı uğrunda şücaət göstərirdilər. Vətən sevgisi, Vətənin bölünməzliyi, bütövlüyü anlayışı onlara yol göstərir, Ana Vətəni xilas etmək onlara qüvvət verirdi.
Ancaq həmin vaxt belə içimizdə bəzi Vətənsizlər peyda olurdular. “No War”çı adlandırılan bu dəstə öz xain xislətini humanizm adı altında gizlədirdi. Yaxşı bəs “müharibəyə yox” deyənlər, niyə işğalçını dəstəkləyirdilər? Minlərlə insanı doğma torpağından qovan, körpələri öldürən, yaşlılara, qadınlara rəhm etməyən, insanların başlarını kəsən əliqanlı qatillərin cərgəsində nəyə görə dayandılar? Təbii ki, bu sualların cavabı yoxdur. Bu dəstənin mahiyyəti də sualların cavabı kimi yoxdur, heçlikdir, böyük bir boşluqdur. Hansı ki, o boşluğu doldurmaq mümkün deyil, bu xislətin daşıyıcıları hər zaman heç kim olmağa, Vətənsiz olmağa məhkumdurlar, özü də könüllü məhkum, könüllü olaraq hər şeyini satan, hər kimliyindən imtina edən, bəşəriyyətə xəyanət edən, öz xalqına, öz qanına, doğmalarına, əzizlərinə qarşı ən iyrənc cinayətlərə bəraət qazandıran bir qaragüruhdur bunlar. Bax Bəhruz Səmədov da bu qaragüruhun bir parçasıdır, vətənsizdir, heç kimdir…
Səmədov Bəhruzun kim olduğunu izah etmək mümkünsüzdür, çünki bu xislətlər sadəcə heçliyi təmsil edə bilər. Elə bir heçlik ki, içində hər cür pisliyi, ləyaqətsizlik və riyakarlığı, ikiüzlülüyü, xəyanəti, xainliyi ehtiva edir.
Erməni xüsusi xidmət orqanlarının əlaltısı olan bu gənc öz millətinə, dövlətinə, xalqına, Vətəninə düşünmədən xəyanət edib. Bu yolla o çoxlu pullar qazanmış ola bilər, ancaq bir şeyi dəqiq deyə bilərik ki, insan kimliyi, əqidəsi əvəzsiz bir nemətdir və ona hansısa qiyməti təyin etmək insanlıqdan kənar bir anlayışdır.
Sözsüz ki, həmin kimliyi də bizə bəxş edən mənsub olduğumuz xalq, danışdığımız dil, ailə, Vətən, tarix və mədəniyyətimizdir. Sadaladığım dəyərlərin hər biri bizi biz edən, kimliyimizi formalaşdıran, bəşər övladı kimi bu dünyada mahiyyətimizi dərk etməyimizə kömək olan, yolumuza işıq tutan anlayışlardır. Elə isə bunlardan bixəbər olmaq və ya onları satmaq zülmətə qərq olmaq, qaranlıqlar içində yolunu azmaq demək deyilmi? Demək ki, Bəhruz Səmədov həm də işıqsız, nursuz və qaranlığa məhkum olmuş bir zavallıdır…
Vətən anlayışı o qədər dərindir ki, Bəhruz Səmədov kimi zavallılar da öz xəyanətləri ilə həmin dərinlikdə itib batırlar. Vətən nədir? Ana? Anasına xəyanət edənə hansı adı vermək olar?
Vətən nədir? Sevgi? Sevgisiz yaşayan, qəlbidaşlaşana nə deyirlər? Bəlkə, Vətən elə insanın özüdür, onun varlığının anlamı, mahiyyətidir? Bəs bunları itirənə nə ad vermək olar? Nə ad vermək olar bilinmir, amma Bəhruz Səmədov bunların hər birinin toplusu olan bir heçdir. Bəhruz Səmədov bu yazını oxuyan hər bir kəsin qəlbində verdiyi cavabların məcmusu, keçirdiyi hissin təcəssümü olan bir Vətənsizdir…
İndi siz deyin, kimdir Bəhruz Səmədov? Kimdir onun timsalında bütün Vətəninə xəyanət edənlər? Üzr istəyirəm, kim yox, nədir?
Orxan Tağıyev
Siz deyin, nədir Bəhruz Səmədov?