Kurska hücumun pərdəarxası: Münaqişənin qalibi bəlli olur?
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu 2014-cü ildən davam edən qarşıdurmanın aktiv fazaya keçməsi ilə nəticələndi. Münaqişənin dondurulması və sülh danışıqları ilə bağlı aparılan müzakirələr isə heç bir fayda vermədi və nəticədə Ukrayna hələ də davam edən müharibə səbəbindən ərazilərinin 18 faizini itirib. Lakin maraqlıdır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son günlər sülh danışıqları ilə bağlı çağırışlar etdiyi bir vaxtda, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri tamam fərqli manevr edərək Rusiyaya hücum edib.
Bu əməliyyat Rusiya üçün bir ilk idi. Çünki müstəqilliyini əldə edəndən sonra ilk dəfə idi ki, başqa bir ölkənin ordusu Rusiya ərazisinə daxil olub onun yüzlərlə kvadratkilometr ərazisinə nəzarət etməyə başlayıb. Belə ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu nəticəsində bu ana qədər 20-dən çox yaşayış məntəqəsi nəzarətə götürülüb, 430 kv.km ərazi ələ keçirilib. Həmçinin, Rusiyanın “Qazprom” şirkətinin Kursk vilayətindəki qazölçmə məntəqəsi də Ukrayna döyüş briqadalarının nəzarətinə keçib. Eləcə də Rusiyanın çox sayda silah-sursatı məhv edilib, əsgərləri əsir düşüb. Bu hücumun əsas özəlliyi isə sırf Qərbin təchiz etdiyi kəşfiyyat, rabitə vasitələri və PUA-lardan istifadə edilməsi ilə bağlıdır.
Türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert İsmayıl Cingöz Oxu.Az-ın mövzu ilə bağlı suallarını cavablandırıb.
– İsmayıl bəy, Ukraynanın Rusiyaya hücumu Kiyev üçün hansı müsbət və ya mənfi amillərlə yadda qalacaq? Ümumiyyətlə, bu hücumun pərdəarxası məqamlarını necə izah etmək olar?
– 2022-ci ilin fevral ayından etibarən NATO xətti ilə Ukraynaya söz verilən 60-dan çox “F-16” döyüş təyyarəsinin bir neçəsinin çatdırıldığı barədə məlumatlar var. Eyni zamanda, Ukraynaya yeni hərbi texnikaların verilməsi prosesinə də artıq başlanılıb. Bir müddətdir, ABŞ və Avropa ölkələrinin diqqəti Qəzza zolağında davam edən HƏMAS-İsrail qarşıdurmasına yönəldiyi üçün Ukraynanın himayə edilməsi ikinci plana keçmişdi. Lakin proseslərin yenidən gərginləşməsi Qərbin yeni planlarından xəbər verir. Hətta “F-16″ların digər hərbi texnikalarla birlikdə tədarükünün Ukraynanı gücləndirəcəyi şübhəsizdir.
– Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi ərazilər Rusiyanın nəzarətində olan Ukrayna əraziləri ilə mübadilə mövzusu ola bilər?
– Ukraynanın Rusiyanın Kursk vilayətinə hücuma keçməsi və sərhəddən təxminən 15 km içəri girməsi, Luqansk və Donetsk bölgələrində davam edən müharibəyə alternativ cəbhə yaratmaq, daha dəqiq desək, müharibənin yeni dövrü kimi şərh edilməlidir. Qərb tərəfindən açılan bu cəbhə Rusiya-Ukrayna müharibəsində atəşkəs və gələcək perspektivdə sülh sazişi üçün yeni zəmin formalaşdırmaqdır. Ehtimal ki, bu hücum nəticəsində Ukraynanın ələ keçirdiyi Rusiya əraziləri ilə Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk və Donetsk bölgələrinin mübadilə prosesi baş tuta bilər. Çünki Kiyev Moskvanı gözləmədiyi yerdən vuraraq üstünlük qazandı. Beynəlxalq doktrinada da bunun presedentləri olduğu üçün verilən proqnozların reallaşacağı istisna deyil. Çünki qazanılan torpaqların itirilən torpaqlarla dəyişdirilməsi müharibədə qələbə qazanmağın hərbi-siyasi strategiyasından biridir.
– Rusiya ərazisinə hücum danışıqlara müsbət təsir edəcək, ya arzuolunan danışıqların üstündən tamamilə xətt çəkəcək?
– Avropa Rusiya-Ukrayna müharibəsinin qısa zaman kəsiyində bitməsini həmişəkindən daha çox arzulayır. Çünki bu müharibəyə görə Avropa ölkələri başda təbii qaz olmaqla, bir çox problemlərlə üzləşiblər. Məsələn, Rusiyaya sanksiyalar tətbiq edildiyi üçün Avropaya təbii qaz tədarükü Amerika Birləşmiş Ştatları vasitəsilə həyata keçirilir. Bu da Avropa üçün maddi baxımdan ciddi çətinliklər bahasına başa gəlir. Çünki ABŞ-nin təqdim etdiyi qiymət Rusiyanın təqdim etdiyi qiymətdən çoxdur. Avropa ölkələri ABŞ-dən yüksək qiymətə qaz idxal etməklə yaşadıqları iqtisadi çətinliklər bir az da artır, ABŞ isə buna paralel olaraq qazancını getdikcə artırır.
Yəni Rusiyaya tətbiq edilən embarqoya görə Avropanın qaz təchizatında problem yaranarkən ABŞ, Rusiyadan fərqli olaraq, Avropaya beş dəfə baha qiymətə qaz sataraq, bununla həm də Avropanı iqtisadi çətinliyə salır və qitəni indi də bu istiqamətdə özündən asılı vəziyyətdə qoyur. Çünki Amerika Birləşmiş Ştatlarından hərbi cəhətdən asılı olan Avropa ölkələri indi də iqtisadi asılılığa düşür və Birləşmiş Ştatların ayrılmaz hissəsinə çevrilirlər. Bu baxımdan, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının gündəmdə olduğu bir dövrdə Kursk vilayətinə edilən hücum Kiyevlə Moskva arasında Qərbin istədiyi sövdələşmənin əldə edilməsinə cəhd kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, bu ilin sonunda Rusiya və Ukrayna arasında atəşkəs razılaşması imzalanacaq və ərazi mübadiləsi ilə bağlı danışıqlara start veriləcək.
– Belə olan halda Ukrayna tamamilə Qərbin caynağına keçəcək. Bəs Kiyev üçün dəyişən nə olacaq?
– NATO-nun üzvü olan ABŞ mərkəzli Avropa ölkələrinin Ukraynaya verdikləri hərbi-siyasi dəstəyə görə Kiyevdən gözləntiləri var. Yəqin ki, bu gözləntilərini doğrultmaq üçün də əllərindən gələni edəcək, Ukraynanı özlərindən tamamilə asılı vəziyyətə salacaqlar. Çünki Qərbin məqsədi, onsuz da, Rusiyanı Ukrayna vasitəsilə məğlubiyyətə düçar edib, özünə qarşı zəif bir ölkəyə çevirmək idi. Prosesləri də məhz buna uyğun həyata keçirirlər.
– Müsahibənin əvvəlində ABŞ-nin Ukraynanı ikinci plana atmasının səbəbi kimi Qəzzada baş verənləri göstərdiniz. Fəqət, Qəzzada hələ də İsrail və ABŞ tam istədiklərinə nail olmayıblar və HƏMAS-ın yeni rəhbərinin bioqrafiyasına nəzər salanda görmək olur ki, bu xəmir hələ çox su aparacaq. Belə olan halda Ukrayna necə ön plana çıxacaq?
– HƏMAS-İsrail və potensial İran-İsrail münaqişələri Qərbin mümkün qədər tez həll etməli olduğu məsələdir. Çünki Qərb Ukrayna-Rusiya müharibəsini növbəti mərhələdə atəşkəs və sülhlə yekunlaşdıraraq İsrail məsələsini prioritet siyasətə çevirməyə hədəfləyir. Yəni Ukrayna böhranı həll edilən kimi ABŞ də bütün potensialını İsrailin qələbəsinə yönləndirəcək.
Mərahim Nəsib