NATO ölkələrinə haker hücumu: Saxlanılanlar var
İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət qurumlarına, strateji sektorlara və digər NATO ölkələrinə qarşı haker hücumlarında iştirakda şübhəli bilinən üç nəfəri saxlayıb.
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə Mülki Qvardiyanın (İspaniya Daxili İşlər Nazirliyinin tabeliyində olan hərbiləşdirilmiş polis bölməsi – red.) məlumatında deyilir.
Hakerlər Sevilya, Manakor və Huelva şəhərlərində saxlanılıblar. Təqsirləndirilən şəxslərin evlərində axtarış aparılıb, sənədlər və kompüter avadanlığı götürülüb.
Hakerlər Ukraynada münaqişənin başlanmasından sonra meydana çıxan “NoName057” qrupunun üzvləridir. Onlar Ukraynaya dəstək verən özəl və dövlət qurumlarının saytlarına DDoS hücumları həyata keçirirlər. Qrupun özü DDoSia adlanan zərərli proqram təminatını hazırlayıb.