AVRO-2024: İlk finalçı kim olacaq?
AVRO-2024-ün ilk yarımfinal görüşündə İspaniya Fransa ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, Gürcüstan və turnirin ev sahibi Almaniyanı yolundan kənarlaşdıran İspaniya seçməsi Fransa ilə görüşdə də azarkeşlərini sevindirərək favorit statusunu təsdiqləməyə çalışacaq. Qrup mərhələsinin görüşlərini də nəzərə almaqla heç bir qarşılaşmada məğlub olmayan ispaniyalılar “xoruzlar” üçün baş ağrısı olacaqlar. Amma Belçika və Portuqaliya kimi güclü rəqibləri turnirdən kənarlaşdıran Fransa ilə görüşdə bu heç də asan vəzifə sayılmır. Qrup mərhələsinin görüşləri ilə birlikdə ümumilikdə üç qol vuran Fransa seçməsi İspaniya ilə matçda da müdafiə xarakterli oyun nümayiş etdirəcəyi təqdirdə məğlubiyyətlə barışmalı olacaq. Çünki Luis De La Fuentnin komandası hücumameyilli futbol anlayışında olduğu üçün rəqibin bütün planlarını alt-üst edə bilər. Rəqiblər indiyədək ümumilikdə 15 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa, altısında isə İspaniya qələbə qazanıb. İki dəfə isə heç-heçə qeydə alınıb. İspaniya millisinin heyətində Le Normand və Karvaxal cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Pedrinin oynayıb oynamayacağı isə sual altındadır. Fransalılarda isə itkilər yoxdur.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü sloveniyalı hakimlər briqadasından Slavko Vinçiç idarə edəcək.
9 iyul
Yarımfinal
İspaniya – Fransa
Saat 23:00, “Allianz Arena”