“Sonuncu dəfə dedi ki, tezliklə gələcəyəm…” – Şəhid qızının maraqlı hekayəsi
“Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi…”
Muallim.edu.az bildirir ki, bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir.
Söhbət onun Şuşadakı evində baş tutur.
Səbinə xanımın atası Mikayıl Gözəlov Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.
Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib:
“Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik”.
O, Şuşanın işğaldan azad olunma xəbərini belə alıb:
“Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, “Bilirsiniz Şuşa azad olunub?” Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq”.
8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub:
“Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq”.
Ətraflı süjetdə:
“Sonuncu dəfə dedi ki, tezliklə gələcəyəm…” – Şəhid qızının maraqlı hekayəsi