“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? – AÇIQLAMA + FOTO/VİDEO
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? – AÇIQLAMA + FOTO/VİDEO
“Ağ çiçəyim” gül mağazasında mayın 15-dən 16-na keçən gecə baş verən yanğın nəticəsində ümumi sahəsi 1 450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik, içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və iki ədəd ötürücü qüllə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatda qeyd edilib.
Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib. Lakin yanğın qısa müddətdə mağazanın böyük hissəsinə ziyan vurub.
Bəs yanğına səbəb və ilkin ehtimallar nədir? Obyekt sığortalanmışdımı? İlkin olaraq qiymətləndirmə aparılıbmı və dəymiş ziyan barədə təxmini rəqəmlər varmı?
Bu və digər suallarımıza cavab almaq üçün “Ağ çiçəyim” mağazası ilə əlaqə saxladıq. Mağazanın əməkdaşı Oxu.Az-a bildirdi ki, obyekt sığortalı olub, lakin hələ qiymətləndirmə aparılmayıb:
“Dəymiş ziyanla bağlı ilkin rəqəmlər hələ məlum deyil. Bu barədə yeni informasiya olarsa, məlumat veriləcək”.
Yanğın təhlükəsizliyi necə, müvafiq normalar çərçivəsində tərtib edilmişdimi? Sosial şəbəkələrdə yanğının diod (led) işıqlandırmalar səbəbindən yarandığına dair iddialar yer alır. Ümumiyyətlə, diod işıqlar güclü yanğın riski yaradırmı?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bütün obyektlər yanğın təhlükəsizliyinə dair normativlərə cavab verəcək şəkildə təchiz edilməlidir:
“Təchizatla yanaşı, işçilər də yanğın təhlükəsizliyi sahəsində müvafiq məlumatlara, bilik və bacarıqlara malik olmalıdırlar. Obyektdə tezalışabilən mal-materialların yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə daşınması və saxlanılması vacibdir. Son dönəmlərdə müşahidə edilən yanğınların statistikasına nəzər saldıqda onların əksəriyyətinin elektrik qısaqapanmalarından baş verdiyini görərik. Buna görə, elektrik təsərrüfatı və avadanlıqları daim saz vəziyyətdə olmalıdır. Həmçinin, elektrik naqillərinə kənar müdaxilələr etmək olmaz. Hər hansı nasazlıq baş verdikdə elektrik naqillərinin düzgün izolyasiyası aparılmalıdır. Normadan artıq yüklənməsin deyə obyektlərin elektrik yük tutumu düzgün hesablanmalıdır. Artıq elektrik yükü naqillərdə qızma, yanma, alışma kimi hallara səbəb olur. Elektrik qurğularını nəzarətsiz qoymaq olmaz.
Bərk, maye, qaz halında olan materialların, elektrik naqillərindən və partlamaya meyilli maddələrin alışmasından baş verən yanğınlar var. Bunlar arasında çoxluğu elektrik naqillərindən qaynaqlanan yanğınlar təşkil edir. Odur ki, işıqlandırma cihazları sertifikatlı, normativlərə uyğun olmalı, elektrik yükünün normanı aşmamasına diqqət edilməlidir. Diod işıqlar, naqillər, eləcə də digər elektrik avadanlıqlarının keyfiyyətinə diqqət edilməlidir ki, yanma, qısaqapanma halları baş verməsin”.
Könül Cəfərli