Elza Seyidcahan: “Allah mənim üçün restoran da açıb” – FOTO + VİDEOMÜSAHİBƏ
Elza Seyidcahan: “Allah mənim üçün restoran da açıb” – FOTO + VİDEOMÜSAHİBƏ
“Mənim ağacımın meyvələri həddən artıq çoxdur. Mən o bağa çəpər çəkmişəm. Amma o budaqlar o qədər şaxələnib ki, çəkilən çəpərdən yola çıxır və yoldan keçənlər lazım oldu-olmadı, onu dərirlər. Mən buna nə edə bilərəm ki?!”
Bunu Oxu.Az-a müsahibəsində Əməkdar artist, bəstəkar-müğənni, öz təbiri ilə desəm, həm də şairə Elza Seyidcahan deyib.
Görüşümüz bir qədər fərqli alındı onunla. Müsahibə təyin etdiyimiz gün xəbərdarlıqsız çıxıb rayona getmişdi.
Bunu isə mənə yalnız müsahibəyə bir neçə saat qalmış, “Elza xanım, sizi saat 12:00-da bu ünvanda gözləyirik. Unutmamısınız ki?” – yazandan sonra bildirmişdi.
Əsəblər əməlli tarıma çəkilir. Yer danışılıb, vaxt danışılıb, hamı planını ona görə qurub və nəhayətdə məlum olur ki, bu gün hər kəs anidən planını dəyişməlidir. Bir jurnalist üçün bunun nə demək olduğunu, yəqin ki, jurnalist olmayanlar təsəvvür edə bilməz.
Telefonda narazılığımı bildirirəm. Üzrxahlıq edir və səhəri gün gələ bilərmi-bilməzmi, onu soruşur.
Həmin an beynimdən “bir də heç vaxt” keçsə də, durumu qəbullanıb maksimum soyuq başla qərar verməyə çalışıram.
Hikkəmi yenmək üçün: “Elza xanım, əgər sabah saat 12:00-yə razılaşsaq, həmin vaxt dəqiq gələ biləcəksinizmi?” – deyə soruşuram.
“Bəli, gələcəyəm”, – deyir.
Çəkiliş heyəti ilə məsləhətləşib növbəti gün üçün razılaşırıq. Amma həmin gün də macərasız keçmir. Çünki bu dəfə də çəkilişə düz 40 dəqiqə gecikir.
Nəhayət ki, gəlir. Özümdən asılı olmayaraq, onu binanın girəcəyində çox soyuq qarşılayıram. İmtina qərarından son anda vaz keçə bilmişdim. Bəlkə, beş dəqiqə də geciksəydi, bu qərarı vermiş olacaqdım…
Üzrxahlıq edir və studiyaya keçirik. Söhbətimiz baş tutur.
Söhbətin sonunda gəldiyim qənaət bu olur – Elzanın bəstələri və ifa etdiyi mahnıları kimi, cəmiyyətdən uzaq tutmağa çalışdığı daxili aləmi də çox fərqlidir – olduqca mərhəmətli və bir az da tərki-dünya. Enerjisi qarşısındakı hər kəsi müsbətə kökləyə biləcək gücdədir.
Geyimləri, musiqiləri, mahnıları və hərənin öz düşüncə tərzinə uyğun məna verdiyi şeirləri kimi rəngarəng, çoxmənalı adamdır Elza. Hər bir situasiyada özünün daha doğru olduğuna əmindir.
Ona şeirləri ilə bağlı sual vermək istəmirəm, özü birbaşa keçid edir:
– Mənim şeirlərimi sevirlər, kitablarımı alırlar. Mən Yazıçılar Birliyinin üzvüyəm. O boyda Anar, dünyaşöhrətli Çingiz Abdullayev məni üzvlüyə qəbul ediblər. Onlar bilmirlər, şeir nədir? Bu gün məni şairə kimi qəbul edirlər. Mən qıcıqlanıram. Deyirəm ki, yox e, mənə şairə deməyin, mən bəstəkaram.
– Kim qəbul edir?
– Xalq. Yazıçılar Birliyinin üzvüyəm mən. Qəbul necə olur ki?
– Siz düşünürsünüz ki, Yazıçılar Birliyinin üzvü olan hər kəs şair və ya yazıçı ola bilir?
– Bu, onların günahıdır. O kitablarını toz basmışlar deyə bilərlər ki, 20-30 kitabları var, oxunmayıb. Elzanın isə bir kitabı var, şeirləri dillər əzbəridir… Bu, Elzanın günahı deyil. Bu, Elzanın şeiriyyətinin gücüdür, qüdrətidir. Bu, Elzanın poeziyasının, qələminin, cızma-qarasının gücüdür. Əgər Elzanın cızma-qarası bu gün bu qədər oxunursa… Yazıçılar Birliyində 34, 40, 50 kitabı çıxan, oxunmayan, toz basanlara sən o sualı verə bilərsən.
– Bu qədər oxunmaq nəyə deyirsiniz?
– Oxunmaq da deyil e. Oxunmaqdan keçib. Oxunur, nəzirələr yazılır, səhnələşdirilir, videolar çəkilir, mahnılar bəstələnir, şeirlərin geyimlərini geyinirlər…
– Bəs biz niyə görmürük?
– Çünki sizin bəsirət gözünüz bağlıdır. Sizin bəsirətiniz sizə imkan vermir. Təkəbbürünüz sizə imkan vermir. Siz özünüzü nə isə sayırsınız. Konkret sizi demirəm haaa…
– Elza Seyidcahan, əslində, kimdir?
– Elza Seyidcahan elə siz tanıdığınız kimidir. Kim necə tanıyır, kim necə dərk edirsə – elə. Həyatda hər şeyi zamanla, mərhələlərlə dərk edirik. Mənə elə gəlir, Elza da elə o cürdür.
– Hamı üçün olan Elza və özü üçün olan Elza. Bu iki Elza arasında fərq nədir?
– Özüm üçün hamı üçün olandan daha fərqliyəm. Yəni ki, mən heç özüm də hərdən özümü tanıya bilmirəm. Hərdən fikirləşirəm… məsələn, elə yerlər olur ki, həyat tərzinə görə, zəmanəyə görə, dolanışığa, maddiyyata görə oraya məcbur olursan getməyə, amma ürəyində sanki bir sızıltı var. Ürəyi ağlayır adamın. Sanki mən ağlayan bir uşağı qoyub gəlmişəm evdə. Biri var, bir uşaq, biri də var, bir neçə uşaq. Bunlar mənim yaradıcılığımdır, yarımçıq qalan əsərlərimdir, mənim yazılmaq, doğulmaq istəyən körpələrimdir.
Mən axı tez ailə qurmuşam. Saqqızımızı oğurladılar. 24 günün içində məni ərə verdilər. Halbuki, fikirləşirdim ki, 23-24 yaşında ərə gedəcəyəm. Sonra sentyabrın 1-i dərsə gəldim – qırmızı “06” gətirdi məni. Qırmızı paltar, qırmızı ayaqqabı, qırmızı çanta – təzə gəlinəm. O vaxt Rəna xanım Paşayeva var idi, Arif müəllimin yaxşı tələbələrindən biri idi. Rauf müəllim baxdı mənə, dedi, bax, Rəna getdi, belə hazırlaşdı, sən də fərqli-fərqli prelüdiyalar yazmalısan, fərqli mövzularda – lirik, muğamları başqa, ladları başqa, ritmik…
Mən də belə baxıram ona… Evdə 15 adamın işini görmüşəm. 43 ölçüdə qaloşlar ayağımda hamamda balaca əllərimlə bir ton paltar yumuşam, gözləyirəm ki, gedib onları ütüləyim. Fikrim qalıb orada ki, gedib filan yeməyi bişirmək lazımdır… Faiq müəllim birdən diqqətlə baxdı mənə və dedi ki, sən ərə getmisən? Mən baxdım ona və başımla təsdiqləyərək, “hə” dedim. Heç nə, üzünü tutdu o yana, ağladı o boyda kişi.
– Necə oldu ki, bəstəkar oldunuz?
– Mənim heç planımda yox idi. Mən artıq o həyatı qəbul etmişdim. Fikirləşirdim ki, ailə müqəddəsdir, övladlarım var, mən də musiqi müəlliməsiyəm. Bir dənə yeganə arzum o idi ki, Faiq Nağıyev kimi bəstəkarlığı oxuyum, gəlim orta ixtisas məktəbində müəllim işləyim. Amma Allah görün məni haralara apardı… Hələ də aparır, məni rəssam da edir, aktrisa da edir. Allah aparıb mənim üçün restoran da açıb, Allah mənim üçün hər şey edib.
– Allah sizi aparıb restoran açıb?
– Allah açıb, bəli. Mənim adıma restoran da açıblar heyranlarım ki, Elza xanım, siz gəlin burada musiqilərinizi ifa edin, öz daimi yeriniz olsun…
Videomüsahibəni təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova