Xorvatiya parlamentinin nümayəndə heyəti Ağdama gedib, erməni vandalizminin izləri ilə tanış olub – FOTO
Xorvatiya parlamentinin nümayəndə heyəti Ağdama gedib, erməni vandalizminin izləri ilə tanış olub – FOTO
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərliyi ilə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti mayın 17-də Ağdamda erməni vandalizminin izləri, həmçinin aparılan bərpa-quruculuq işləri ilə tanış olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ağdamda qonaqlar əvvəlcə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında olublar.
Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.
Nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verilib. Əminliklə bildirilib ki, “Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə də tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar.
Ağdam Cümə məscidinə ziyarət zamanı vurğulanıb ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan bu məscid də işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən talan edilib, yandırılıb. Erməni işğalçıları məscidin minarələrindən müşahidə məqsədilə istifadə etdiklərinə görə tarixi abidə tam dağıdılmayıb. Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından heyvan saxlamaq üçün istifadə ediblər.
Sonra qonaqlara Ağdam Sənaye Parkında görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Sənaye Parkında minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Burada yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə və bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.
Səfər çərçivəsində nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Könül Nurullayeva müşayiət edib.