Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya budəfəki səfəri fərqli bir şəraitdə baş tutub. Səfərin Ermənistanda üzdə keşiş Baqrat Qalstanyanın liderliyi ilə keçirilən etiraz aksiyası, baş nazirin Rusiya Prezidenti Vladimir Putinin inaqurasiyasına getməməsi, Azərbaycanla sərhədin delimitasiya və demarkasiya prosesinin davam etməsi, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü ərəfəsində reallaşması, ABŞ, Avropa İttifaqının (Aİ) rəsmi İrəvanla təmasları intensivləşdirməsi və digər məqamlar bu ziyarətə marağı artırıb.
Doğrudanmı, Ermənistanla Rusiya arasında əlaqələr kəsilib? 2018-ci ildən indiyədək baş nazir Nikol Paşinyan müsahibə və açıqlamalarında bir çox hallarda açıq şəkildə vurğulamasa da, Rusiyaya qarşı fikirlər səsləndirir.
Üç həftəyə yaxındır Ermənistanda Tavuş vilayətinin baş keşişi Qalstanyanın təşkilatçılığı ilə sərhədlərin müəyyənləşməsinə qarşı “etiraz” aksiyaları keçirilir. Paşinyan mayın 7-də, Moskvaya Avrasiya İqtisadi Ittifaqının toplantısında iştirak etmək üçün yola düşməzdən bir gün əvvəl, Prezident Vladimir Putinin andiçmə günü keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfır səviyyəsinə endirlməsindən danışıb. O eyni zamanda, Rusiyanın bu aksiyaların təşkilində oynadığı rola toxunaraq Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın xarici kəşfiyyat orqanlarına işlədiyini vurğulayıb.
Baş nazir, həmçinin islah-əmək müəssisəsinin keçmiş rəisi, uzun müddət Rusiyada yaşayan, özünün də “narkobaron” adlandırdığı Miqran Poqosyandan alət olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, hazırkı aksiyalar xarici xüsusi xidmət orqanlarının əməlidir:
“Bunun onların ssenarisi olduğu açıq-aşkardır”.
Başqa sözlə, Paşinyan Ermənistandakı “etiraz” yürüşünü üstüörtülü şəkildə Rusiyaya bağlayaraq Moskvaya səfər edib.
O, müxalifətdə olduğu illərdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması təklifini irəli sürürdü. Ancaq təxminən 6-7 il sonra, mayın 8-də adıçəkilən qurumun iclasına sədrlik edib. Bu onu göstərir ki, Ermənistanın Rusiyaya qarşı “mübarizəsi” daha çox “söz güləşdirməsi”dir. İki ölkə arasında iqtisadi, siyasi, hərbi, mədəni və başqa əlaqələr pozulmayıb. Yəni Ermənistan iqtisadiyyatına hələ də Rusiya nəzarət edir. Rəsmi İrəvan Moskvanın sponsoru olduğu MDB və xüsusilə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı anonslar versə də, bu istiqamətdə real addım atmayıb.
Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərinin mühafizəsinin RF sərhədçilərindən yerli hərbçilərə ötürülməsi kimi məsələlər də rəsmi İrəvanın Moskvaya qarşı iddiaları sırasındadır. Düzdür, Paşinyan hökuməti İrəvanda “Zvartnots” Beynəlxalq Hava Limanında da rusiyalı sərhədçilərin çıxmasını istəyir.
Ancaq bu tələblərin heç biri yerinə yetirilməyib.
Mayın 8-də keçirilən görüşdən sonra yayılan açıqlamaya əsasən, İran və Türkiyə sərhədi istisna olmaqla, Rusiya öz sərhədçilərini Ermənistandan çıxaracaq. “Zvartnots”dakı rusiyalı sərhədçilərin sayı onsuz da az olub. Məlumatlara görə, Azərbaycanla sərhəddə də onların sayı çox deyildi. Başqa sözlə, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə Daxili İşlər Nazirliyinin sərhədçiləri nəzarət edirdilər. Bildirilir ki, İrəvanla Moskva arasında Ararat, Vayots Dzor, Geğarkunik, Sünik (Zəngəzur) və Tavuş vilayətlərində, həmçinin “Zvartnots” Hava Limanında yerləşdirilən rus sərhədçilərinin çıxarılmasına dair mayın 8-də razılıq əldə olunub.
Odur ki, sərhəd, yaxud Rusiya hərbçilərinin Ermənistanı tərk etməsi məsələsində tərəflərin anlaşdığını iddia etmək düşünüldüyü qədər də əhəmiyyətli razılaşma sayıla bilməz. Çünki Ermənistan sərhədlərin mühafizəsinə cəlb edilmiş rusiyalı hərbçilərin sayı onsuz da az idi. Bu, daha çox Rusiya hərbi kontingentinin Ermənistanın bütün ərazisində mövcudluq təəssüratını yaradan özünəməxsus “rəmz” sayıla bilərdi. Odur ki, məlum anlaşma ilə Moskva bu “rəmz”ini də Ermənistan ərazisindən yığışdırır.
Xatırladaq ki, bu il martın 12-də Nikol Paşinyan rus sərhədçilərinin avqustun 1-dək “Zvartnots” Hava Limanında fəaliyyətini dayandıracağını bildirmişdi. O qeyd etmişdi ki, bu barədə Rusiya tərəfinə rəsmi məktubla məlumat və möhlət verilib.
Putinin inaqurasiyasına Paşinyanın getməməsinə gəlincə, baş nazir bu mərasimə dəvət almadığını iddia etmişdi.
Belə görünür, Rusiya və Ermənistanın bir-birinə münasibətdə atdığı addımlarda praktiki dəyişiklik çox deyil.
Keşişlərin və sabiq prezidentlərin başladığı “Vətən uğurunda Tavuş” aksiyasının əsas mahiyyəti isə artıq üzə çıxmaqdadır. Məlum olub ki, onlar Nikol Paşinyanın istefasını tələb edirlər. Ötən gün İrəvanda Baqrat Qalstanyan onun vəzifədən getməsi üçün bir saat vaxt vermişdi. Ancaq bu baş vermədi. Paşinyanın Rusiyaya səfəri də bu aksiyanın dayandırılmasına təsir göstərməyib.
Bu isə Paşinyanın dediyi kimi, “xarici xüsusi xidməti orqanının ssenarisinin icrası”nın davam etdiyini söyləməyə əsas verir.
O baxımdan, məlum hadisələr baxımından səfərin nəticəsini belə yekunlaşdırmaq olar:
– bu ziyarət tərəflərin bir-birinə qarşı ritorikasını dəyişməyib;
– Paşinyana qarşı etiraz aksiyasının səngiməsinə təsir etməyib;
– əldə edilən razılaşmaların mövcud münasibətlərin yaxşılaşmasına ciddi təsiri olmayıb;
– Ermənistan hökuməti Qərbə inteqrasiya kursunu davam etdirməkdən geri çəkilməyib;
– bu səfər və Paşinyanın Putinlə görüşü hər iki tərəf üçün “gözdən pərdə asmaq” mahiyyəti daşıyıb və s.
Belə ehtimal etmək olar ki, Rusiya ilə Ermənistan arasında “söz savaşı” hələ davam edəcək. Çünki Moskvanın patronluq etdiyi MDB, KTMT, Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlarla bağları birdəfəlik qoparmağa İrəvanın cəsarəti çatmır, gücü, qüvvəsi yoxdur, dəstəyi və yardımı zəifdir. Ona görə də Ermənistan hökuməti indiki şəraitdə Rusiyanın azsaylı sərhədçisinin ölkəni tərk etməsini özünün uğuru saya bilər.
Hələlik real olan mühüm detallardan biri Rusiyadan Ermənistana pul köçürmələrinin kəskin şəkildə azalmasıdır. Bu ilin birinci rübünün nəticələrinə əsasən, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi ötən illə müqayisədə 40 faiz azalaraq 656,6 milyon ABŞ dolları təşkil edib. Ötən ilin hesabat dövründə bu rəqəm 1,1 milyard ABŞ dolları olub.
Beləliklə, Paşinyanın Moskvaya səfəri ikitərəfli münasibətlərdə heç nəyi dəyişməyib. Rəsmi İrəvan öz mövqeyindədir. Qarşı tərəf isə təmkinli tövrünə sadiq qalaraq, Paşinyana keşişlərin və sabiqlərin aksiyası ilə cavab verir.
“Report” İnformasiya Agentliyi