Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir
Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir
Səkkiz ABŞ qəzeti “Microsoft” şirkətinə və “ChatGPT” çatbotunun tərtibatçısına qarşı məhkəmə iddiası qaldıraraq şirkətləri müəllif hüquqlarını pozmaqda təqsirli bilib.
Bu barədə məhkəmə sənədinə istinadən məlumat yayılıb.
Qeyd olunub ki, investisiya nəhəngi “Alden Global Capital”a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə “OpenAI” və “Microsoft”u məhkəməyə verib.
İddia “New York Daily News”, “Chicago Tribune”, “Orlando Sentinel”, “South Florida Sun Sentinel”, “San Jose Mercury News”, “Denver Post”, “Orange County Register” və “St. Paul Pioneer Press” nəşrlərində yayımlanıb.
Nəşrlər şirkətləri müəllif hüquqları ilə qorunan milyonlarla məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.
Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ-nin gündəlik qəzeti olan “The New York Times” (NYT) müəllif hüquqlarının pozulması səbəbindən “Microsoft” korporasiyasına və “OpenAI”nin intellektual “ChatGPT” çatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, “OpenAI” və “Microsoft” milyonlarla NYT məqaləsi üzərində süni intellekt (AI) sistemlərini öyrədiblər.
Mənbə: Axios