Daşınmaz əmlakın sığortalanmasında yenilik: Elektron şəhadətnamə, cərimə, verilən təminat – ARAŞDIRMA + FOTO
Daşınmaz əmlakın sığortalanmasında yenilik: Elektron şəhadətnamə, cərimə, verilən təminat – ARAŞDIRMA + FOTO
Azərbaycanda yaşayış əmlaklarının 90 %-i, qeyri-yaşayış obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilməyib.
Bu barədə “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
“Söhbət sənədli əmlaklardan gedir. Bu da onu göstərir ki, daşınmaz əmlakın icbari sığortası üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində bu sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar”, – E. Mirsalayev qeyd edib.
ASA-nın icraçı direktoru vurğulayıb ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər:
“Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”.
E. Mirsalayev xatırladıb ki, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manatadək, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manatadək müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir, Assosiasiya rəhbəri bildirib.
Qeyd edilib ki, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib ki, Azərbaycanda istər yaşayış yerləri, istərsə də, qeyri-yaşayış əmlaklarının sığortalanması icbaridir. Ötən il qanunvericilikdə edilən dəyişikliklərə əsasən, kağız sığorta şəhadətnamələrindən elektron dayışıyıcılara keçidlə bağlı çalışmalar başlayıb, İSB rəhbəri qeyd edib.
“Bu qanunun tələbidir və mütləq şəkildə daşınmaz əmlakın sığorta şəhadətnaməsi mövcud olmalıdır, əks halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunacaq”, – o bildirib.
Mövzu ilə bağlı “Report”a danışan sığorta üzrə ekspert İlkin İbrahimov isə bildirib ki, daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrinin elektron formata keçmə məsələsi cari ilin sonuna kimi öz həllini tapacaq.
O qeyd edib ki, bu sığorta növü ilə bağlı nəzarəti hüquqi şəxslərdə, yəni sahibkarlarda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən, fiziki şəxslər, yəni sadə vətəndaşlarda yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir:
“İcra hakimiyyəti orqanları əmlaklarını sığortalamayan vətəndaşlara cərimə protokolunu tərtib edib onların ünvanlarına göndərəcəklər. Dövlət Əmlak Komitəsi ilə İcbari Sığorta Bürosu arasında qurulacaq elektron mübadilə sistemi hesabına sığortalanmayan sənədli evlər barədə məlumatlar İSB tərəfindən yerli icra hakimiyyəti orqanların səlahiyyətli şəxslərinə ötürüləcək. Bunun əsasında protokol tərtib ediləcək”.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir.
Son 5 ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığorta bazarı 1,8 dəfə artıb. Belə ki, 2018-ci ildə bu sığorta növü üzrə yığımlar 30,364 milyon manat təşkil edirdisə, 2022-ci ildə artıq 53,979 milyon manata çatıb. Sığorta ödənişləri isə 4,025 milyon manatdan 1,095 milyon manata enib, yəni 3,7 dəfə azalıb.