Aleksandr Proxanov: “Ermənistanda qələbə deyil, məğlubiyyət mədəniyyəti hökm sürəcək” – MÜSAHİBƏ
Aleksandr Proxanov: “Ermənistanda qələbə deyil, məğlubiyyət mədəniyyəti hökm sürəcək” – MÜSAHİBƏ
Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniya mətbuatına müsahibəsində verdiyi son açıqlamalar Cənubi Qafqazda yeni reallığı təsdiqləyir – İrəvanın Qərbə üz tutması praktiki olaraq rəsmiləşib.
Məşhur rusiyalı yazıçı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və təsisçilərindən biri, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov Oxu.Az-a müsahibəsində qeyd edib ki, SSRİ-nin 1991-ci ildən başlayan və bir çox tərkib hissələrinin ayrılması ilə müşayiət olunan dağılma prosesi davam edir.
– Rusiya prosesi öz axarına buraxdı və hesab etdi ki, ayrılan “elementlər”, “planetlər” əvvəlki kimi “Rusiya Günəşi” ətrafında fırlanmağa davam edəcəklər. Amma bu, ehtiyatsız, primitiv yanaşma idi. Bu “planetlər” dərhal digər “ulduz”ların orbitinin cazibə sahəsinə düşdü. Ukrayna məsələsində də belə oldu, indi də bu halı Ermənistan yaşayır.
İrəvan uduzdu və erməni xalqının dərinliklərində cərəyan edən daxili dram Ermənistan hakimiyyətini günahı Rusiyanın üzərinə yıxmağa və Moskvanın düşmənlərinə – Qərbə, NATO-ya sığınmağa məcbur etdi. Ermənistan baş naziri Nikol Paşinyan tərəfdaşları və dəstəyi orada tapır.
Təbii ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq və ehtimal ki, Rusiyanın hərbi bazasının Ermənistandakı mövcudluğu sona çatacaq, onun yerinə isə başqa ölkənin bazası peyda olacaq. Düşünmürəm ki, bu, Ermənistan üçün xilas yolu olacaq, amma Rusiya üçün pisdir, Azərbaycan üçün isə qətiyyən qorxulu deyil.
Bakı qarşısına qoyduğu məqsədlərin, demək olar ki, hamısına nail olub. Mən ərazi bütövlüyünün bərpasını nəzərdə tuturam. Azərbaycan inkişaf edən, güclü dövlətdir, qüdrətli müttəfiqləri var, ilk növbədə də Türkiyə kimi. Azərbaycan bir dövlət olaraq yüksəlişdədir. Ermənistan isə (mən bunu heç bir pis niyyət olmadan deyirəm) enişdədir. Əvvəlki kimi, əhalinin ölkədən böyük axını olacaq, Ermənistanın öz iqtisadiyyatı olmayacaq. Ölkədə qələbə yox, məğlubiyyət mədəniyyəti hökm sürəcək.
Qərbin oraya gəlişindən danışsaq, buna hələ çox var. Burada başqa siyasi qüvvələr var. Ermənistan Rusiyanın, Azərbaycanın, İranın, Gürcüstanın, Türkiyənin yanındadır, lakin ABŞ və Fransanın deyil. Ancaq Rusiya regionunuzda mövcudluqdan imtina etdi, müəyyən qədər siyasi yadlaşma baş verdi. Rusiyanın hazırda özünün digər cinahında çoxlu problemləri var.
– Bəs Azərbaycanla Ermənistan arasında başlayan sərhədlərin delimitasiyası barədə nə düşünürsünüz? Yeri gəlmişkən, bu proses hamı tərəfindən – istər Qərbdə, istərsə də Rusiyada – müsbət qarşılandı ki, bu da indiki zamanda təəccüb doğurur.
– Aydındır ki, Azərbaycanla Ermənistan arasında strateji barışıq hələ ki baş tutmayıb. Bizim dövrümüzdə isə “sərhədlər nəfəs alır” (“nəfəs alan sərhədlər” – imperializmin əlamətləridir, yəni imperiya artıq yoxdur, siyasi məzmun isə var – red.). Sərhəd sabitlik olanda yaxşıdır, amma təəssüf ki, hələlik bu yoxdur.
– Ermənistan cəmiyyətinin radikal hissəsi delimitasiya və sülh sazişinin əleyhinədir. Artıq etirazlar baş qaldırıb. Sizin fikrinizcə, bundan sonra nə olacaq? Bu, deyək ki, Ermənistanda çevrilişə gətirib çıxara bilərmi?
– Bəli, nəzəri olaraq bu, çevrilişə gətirib çıxara bilər. Lakin Ermənistanın müqavimət qabiliyyəti qırılıb. Qarabağ müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla döyüşmək iqtidarında deyil. Və hazırda Ermənistanda baş verənlər qismən fantom fenomendir. Bəli, onlar (müxalifət – red.) Nikol Paşinyana ziyan vura bilərlər, xüsusən də müxalifəti dəstəkləyən başqa qüvvə müdaxilə edərsə. Bu qüvvənin Rusiya olacağını güman etmək olarmı? Yox. Rusiya orada olmayacaq. Erməni müxalifəti rusiyapərəst deyil, anti-Paşinyandır, bu isə eyni şey deyil. Və bu, Qərbə qarşı yönəlməyib.
Ermənistanda hakimiyyət uğrunda belə bir mübarizə gedir, müxalifət qüvvələri isə millətçidirlər. Şərti desək, bu, Avropa təfəkkürlü Paşinyana qarşı çıxan “Daşnaksütyun”dur. Ermənistan siyasətində bu proses kifayət qədər uzun müddət davam edəcək. Əhəmiyyətli bir qeydi də əlavə edim – Ermənistan müxalifəti “aryerqard”dır, “avanqard” deyil.
Nair Əliyev