Sadhu terapevti: “Kişilər ya travmalarını qəbul etmirlər, ya da utanırlar” – MÜSAHİBƏ + FOTO
Sadhu terapevti: “Kişilər ya travmalarını qəbul etmirlər, ya da utanırlar” – MÜSAHİBƏ + FOTO
“Sadhu taxtasını ilk dəfə görəndə fikirləşdim ki, bu nədir? Əsla bunun üzərinə çıxmaram. Bir neçə ay sonra diqqətimi daha çox çəkdi. Mən sadhu terapiyası etməyə başlayanda Azərbaycanda bu sahəni bilən iki nəfər var idi”.
Bu sözləri Oxu.Az-a müsahibəsində sadhu terapiyası üzrə mütəxəssis Pərvin Əfəndi deyib. Müsahibəni təqdim edirik:
– Pərvin xanım, məşğul olduğunuz sahə spesifikdir. Bu sahəyə necə gəldiniz?
– Çox qarışıq məsələdir. Hazırda 30 yaşım var. İlk təhsilim iqtisadiyyat üzrədir. Beş ildən çox mühasib işləmişəm. Daha sonra çox yoruldum. Bu yorğunluqlar məni antidepressant qəbul etməyə qədər apardı. Amma başa düşdüm ki, məsələnin kökünü tapıb həll etməliyəm. Həll etdim, işdən çıxdım. Psixologiya üzrə təhsil almaq arzum idi. Hər zaman o sahəyə marağım olub, insanları daha yaxşı tanımaq istəmişəm. Hazırda da Türkiyədə psixologiya üzrə təhsil alıram. Sonra isə sadhu terapiyasına başladım.
– Neçə ildir ki, sadhu terapiyası ilə məşğulsunuz?
– İki ildən çoxdur. İlk olaraq “Theta Healing” (beyni teta dalğalarına kökləyərək meditasiya üsulu – red.), “Access bars” (üzdə müəyyən nöqtələrə toxunaraq zəkada harmoniyaya nail olunması – red.) terapiyalarına başladım. Daha sonra üzərində çoxlu mismarlar olan sadhu taxtasını görəndə fikirləşdim, bu nədir? Əsla bunun üzərinə çıxmaram. Bir neçə ay sonra diqqətimi daha çox çəkdi. Mən sadhu etməyə başlayanda Azərbaycanda bu sahəni iki nəfər bilirdi. Ən böyük təcrübəni pasiyentlərlə işləyərkən topladım. Bu, yeganə terapiyadır ki, ilk seansdan nəticə görmək olur.
– Nə kimi özəlliyi var?
– Sadhu hər gün istifadə edəcəyimiz vasitədir. Ayağımızın altında yeddi min sinir ucluğu var. Akupunktura nöqtələridir. Bu sinir ucluqları ilə saç və dırnaqlarımızdan başqa bütün hüceyrələrimiz bağlıdır. Sadhu taxtasının üzərinə çıxanda akupunktura nöqtələrinə mismarın etdiyi təzyiqdən dolayı daxili orqanlarımızda kiçik nasazlıqlar həll olur. Bu, qan dövranını sürətləndirir. Gəncləşdirmə təsiri yaradır. Eyni zamanda, hər gün və tez-tez sadhu taxtası üzərinə çıxırsınızsa, bu konsentrasiyanı artırır və çətin vəziyyətlərdə zehni idarə etməyi öyrədir. Sadhunun əsas məqsədi insanların basdırılmış hisslərini, arzularını, qorxularını üzə çıxarmaqdır.
Elə insan var ki, illərlə sözünü deyə bilmir, bilmədən hansısa hisslərini içində boğur. Taxtanın üzərinə çıxanda kimsə gülə və ya ağlaya bilər – hər şey üzə çıxır. Ağrılar ola bilir. Bunlar hamısı illərlə yığdığımız travma və qorxularımızdır. Oradakı ağrı fiziki deyil, mənəvidir.
Sadhu üzərində dayanmanın orta müddəti iki dəqiqədir. İlk iki dəqiqədə bədən mismarı təhdid olaraq görür. Zehin deyir ki, düş. Birinci dəqiqə həm mənim, həm də pasiyent üçün çətindir. İki dəqiqədən sonra bəzilərində ağrı azalır, bəzilərində isə ağırlaşır. Bu zaman susmaq olmaz. Ağrı artırsa, zehin konsentrasiya ola bilmir. Azalanda isə meditasiya edirik.
Qeyd edim ki, sadhu taxtası üzərində bir saat ağrısız dayanan olub.
– Terapiyanı ilk dəfə öz üzərinizdə sınaqdan çıxarmısınız?
– Bəli, öncə öz üzərimdə sınadım. Deyirdim, əsla çıxmaram. Sadhu taxtasını internetdə gördüm, özümə aldım. Fiziki cəhətdən çox dözümlü olduğumdan düşündüm ki, çox ağrı hiss etmərəm. Amma taxtanın üzərinə çıxanda şiddətli ağrı hiss edib düşdüm. Ancaq 10 saniyə qala bildim. Boğulma hissi məni bürüdü. Daha sonra seansa getdim, iki dəqiqə qala bildim. Düşəndən sonra 10 dəqiqə ağladım. O gün içimdə tutduğum hər şeyi buraxdığımı hiss etdim. Ondan sonra çıxanda ağlamamışam. Tez-tez çıxıram, iki dəqiqə dayanıram.
İlk pasiyentlərim qohumlarım olub. Onlarla seans edib, video çəkdim. Praktika qazandım. Hamısında da fərqli nəticələr alındı. Sadhu – daxilimizə güzgü tutan vasitədir.
Kimin fiziki və mənəvi problemi varsa, sadhuda üzə çıxır. Elə olur, sadhuya çıxanda kimsə travmasını xatırlayır, fiziki problemi olanın bədənində ağrılar başlayır, narahatlıq hiss edir. “Dizim ağrıyır”, “ürəyim titrəyir”, “başım gicəllənir” deyənlər olub.
Seansın əvvəlində pasiyentin həyatına dair heç bir məlumat almadan sadhuya çıxarıram. Sadhu hər şeyi “göstərir”.
– İnsanlar ağrı-acılarını yox etmək üçünmü bu terapiyaya üz tuturlar?
– İnsanların çoxu məlumatsızdır. Mən maraqlanana böyük mesaj atıram. Bilsin ki, hara gəlmək istəyir. Müraciət edənlərin iyirmi faizi sırf maraq xatirinə gəlib. Taxta üzərinə çıxandan sonra terapiyanın dərinliyindən şok olublar. Sonra seansı davam etdirmişik.
– Terapiyanın sirlərini açardınız.
– Terapevtin ən güclü silahı sözüdür. Bu sözü insanların bacarıqlarını aşkarlamaq üçün istifadə etməlisən. Bir insan seansdan fayda, nəticə götürməsi üçün öz bacarıqlarını bilməlidir.
– Müraciət edənlər çoxdurmu? Daimi gələnlər var?
– Hazırda Azərbaycanda gənclər arasında ən böyük problem şəxsi sərhədlərin olmamasıdır. Müraciət edən çoxdur. Sadhu elə güclüdür ki, özünü tanımaq üçün bir dəfə gəlsən, kifayətdir. Seans bir saatdır. Lakin çox zaman insanlara bir seans yetmir. Vəziyyəti nəzərə alaraq, sadhuda seans sayını pasiyentə buraxıram. Adətən, davamlı gəlirlər. Məsləhət görürəm ki, ayda bir dəfə gəlsinlər.
Bədənimizdə iki istiqamət var. Sol – keçmiş və ana ilə münasibət, sağ – gələcək və ata ilə münasibəti göstərir. Bəzən gələnlərin içində ata və analarına qarşı kin, nifrət, keçmişlərinə, gələcəklərinə dair narahatlıq olur. Bunlar həmin istiqamətlərdəki ağrılarda üzə çıxır. Əsəbi və qıcıq olduqları insanları bağışlamaları üçün meditasiya edirik. Bağışlamaq fikrini qəbul etmək üçün bir ay lazımdır. Bağışlamaq – daxildəki yüklərdən qurtulmaq deməkdir.
– Terapiyanın xüsusi bir yaş kateqoriyası varmı?
– 18 yaşdan yuxarı hər kəs qoşula bilər. 18 yaşdan aşağı – 15-16-17 yaşlarında olanlar valideynləri ilə gələ bilərlər. Valideyn uşağın problemini bilməlidir. 14 yaşdan aşağı olanlar çox qorxurlar deyə onlarla işləməmişəm.
Gənclər daha çox inkişafa meyillidirlər. Səhvlərini daha tez görür və qəbul edirlər. 20-40 yaş arasında şəxslər daha çox sadhu terapiyasına müraciət edirlər. Bunların da 90 faizi qadınlardır. Kişilər ya travmalarını qəbul etmirlər, ya da utanırlar.
– Məhdudiyyət varmı və kimlərə aiddir?
– Müəyyən xəstəlikləri olanlar bu terapiyada iştirak edə bilməzlər. Yeni əməliyyat olunan və doğuş keçirənlər, epilepsiya xəstələri sadhu üzərinə çıxa bilməzlər. Yeni əməliyyat olunanlarda qan dövranı sürətləndiyi üçün bu terapiya uyğun deyil. Epilepsiya xəstəliyi olanlarda isə ağrıdan qıcolmalar yarana bilər.
– İnsan sadhuda həqiqətənmi rahatlıq tapır?
– Bəli. Terapiyadan sonra kəskin şəkildə yuxu gəlir. Çünki içindəki yükləri atırsan. Neqativ enerjin çıxır, rahatlıq gəlir. Ancaq yatmaq istəyirsən. Zaman ötdükcə ağrı keçir. Sadhu üzərinə tez-tez çıxanda ağrı hissi də tez azalır. Ümumiyyətlə, daxilimizi təmizləməliyik ki, ağrı az olsun.
– Sadhu taxtasına çıxan adam xəsarət ala bilərmi?
– Sadhu taxtası heç kimin ayağına batmır, deşmir. Qanama olmur. Zərər yetirmir. Düzgün istifadə etsən, heç nə olmur. Mismarlar eyni ölçüdədir. Kütlə üzərində bərabər paylanılır. Siz yerdə durmusunuzsa, ayağınızı taxtanın qırağına bassanız, təbii ki, deşər. Sadhuya çıxanda pəncəmizi düz ortaya qoyuruq.
Sadhu taxtasına əllərimizi də qoyuruq, onu kürəyimizin altına da yerləşdiririk. Bunu rahatlamaq üçün edirik. Bu taxtalarda fərq var: kürək üçün olan taxtada mismarların sayı azdır, mismarlar arasındakı məsafə də daha böyükdür.
İşimi çox sevirəm. Şəfa verdikcə özün də şəfa alırsan. Gələn pasiyentlər mənim güzgülərim olur. Özümdə olan bitməyən travmalar tapıram. Neqativə köklənmirəm. Mənim otağımdan çıxan pasiyent də pozitiv enerji ilə çıxır. Qazancımın işimə aidiyyəti yoxdur – şüuraltım nə qədər pul tanıyırsa, o qədər qazanıram.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid