“Mixaylo”nun doğum günüdür – VİDEO
“Mixaylo”nun doğum günüdür – VİDEO
Bu gün teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür.
Oxu.Az xatırladır ki, Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib.
Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti, əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.
Əslən acar olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5-6 il Taqanka Teatrında çalışıb.
İlk rolu “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra “Andries” filmində baş rolu oynayıb. Bu filmdən sonra “Odessa” kinostudiyasında çalışıb.
Rejissor Rəşid Atamalıbəyov onu “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə dəvət edib və aktyoru bəyənərək filmdə çəkib.
Nodar Şaşıqoğlu teatr səhnələrində “Don Quan” (A.S.Puşkin, “Kiçik tragediyalar”), “Sirano” (E.Rostan, “Sirano de Berjerak”), “Kreont” (Q.Qauptman, “Antiqo-solntsa”), kinoda “Zakir” “Telefonçu qız”, “Rakov” “Beş künc”, “Məcnun” “Leyli və Məcnun”, “Mixaylo” “Uzaq sahillərdə” kimi obrazlar yaradıb.
2003-cü ildən S.Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə “Sorin” (A.P.Çexov, “Qağayı”), “Kral Lir” (V.Şekspir, “Kral Lir”) obrazlarını parlaq ifa edib. 12 aprel 2013-cü ildə Bakıda vəfat edib.
O, 1962-ci il iyulun 21-də “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci il dekabrın 1-də “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 2007-ci il 12 mart tarixində isə “Şöhrət” ordeni ilə təltif olunub.