Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? – REPORTAJ + FOTO
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? – REPORTAJ + FOTO
Ən sevimli, qədim, milli bayram olduğundan hər kəs Novruza xüsusi hazırlaşır. Çərşənbə axşamları tonqallarla işıqlanan paytaxt gündüzlər bayram xonçası rəngarəngliyi ilə göz oxşayır.
Adam boyunda səməni, kosa, keçəl, yumurta, paxlava, qoğal, şəkərbura… Bakının küçə və meydanlarında quraşdırılan bu nəhəng atributların hazırlanma prosesi hər kəsə maraqlıdır.
Oxu.Az-ın əməkdaşları bu fiqurların necə hazırlanması ilə yaxından tanış olmaq üçün Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən müəssisədə olublar.
Müəssisədə qızğın iş gedir. Ətrafda nəhəng maketlər düzülüb. Bir tərəfdə səmənin maketi yığılır, digər tərəfdə isə heykəltəraşlar kosa və keçəl fiqurları hazırlayırlar. İşçilərdən biri səməninin ortasına bağlanılan lenti rəngləyir, rəssam yumurtanın nəhəng maketinin üzərini naxışlarla bəzəyir. Atributlar o qədər canlı görünür ki, sanki gerçəkdir. Hamı böyük həvəs və zövqlə çalışır.
İşçilər bir neçə günə bütün bu işləri yekunlaşdırmalı olduqlarını deyirlər. Bizimlə söhbət əsnasında da işə ara vermirlər. Müəssisənin sahibi Nahid Eminov da işçilərlə bərabər çalışır.
O deyir ki, Novruz atributları təkcə Bakıda istifadə olunmur, bölgələrə də göndərilir. Əlavə edir ki, on ildən çoxdur, bu sahədə fəaliyyət göstərirlər:
“Hazırda on iki işçimiz var: rəssam, heykəltaraş, dizayner və sexin daxilində işləyən ustalardır. Bizdə iş prosesi ardıcıllıqla olur. Maketin dizaynı hazırlanır, dəzgaha göndərilir, kəsim edilir. Sonradan həmin detallardan maket yığılır. Heykəltəraşlıq iş varsa, həmin maket və dekorlar kəsimdən sonra onlara təhvil verilir, yonub, formaya salırlar. Rəssamlarımız boya, naxış işini görürlər”.
Nahid Eminovun sözlərinə görə, kövrək materialdan istifadə edirlər, ancaq açıq havada tez xarab olmaması üçün xüsusi prosedurlar icra edirlər:
“Materiallar yerli məhsuldur. Maketlər davamlı olsun deyə mütləq hava şəraitinə uyğunlaşdırmağa çalışırıq. Bir atributu iki gün ərzində hazırlayıb müştərilərə təhvil veririk. Tələbat çoxdur, hər kəsi razı salmağa çalışırıq. Düşünürəm ki, rəqibimiz yoxdur. Hər kəs istəyir ki, müəssisəsində bizim hazırladığımız maketlərdən istifadə etsin. Qarabağ bölgəsi üçün də hazırladığımız işlər var”.
Ustalarla da söhbətləşirik. Rəssam Məmmədkərim Həsənov Novruz atributlarını hazırlayarkən daha çox nəbati naxışlara üstünlük verdiyini deyir^
“Əsasən, həndəsi və nəbati naxışlara üz tuturuq. Xalçaçı rəssam Lətif Kərimovun naxışlarından istifadə edirik. Bəzən Sakit Məmmədov, Səttar Bəhlulzadə, Taleh Salahov kimi dahi rəssamlarımızın yaradıcılığına da müraciət edirik”.
Heykəltəraş İlkin Hüseynov iş prosesini izah edir:
“Birinci kəsim, ikinci yonma, sonuncu mərhələ hamarlamadır. Daha sonra rəssama veririk ki, rəngləsin. Hazırlanma prosesi atributun ölçüsünə görədir. Heyvan və insan fiqurları bir qədər çox vaxt aparır, onların başı və bədənini ayrı-ayrılıqda hazırlayırıq. Məsələn, keçəlin fiqurunu bir günə hazırlamışam”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid