Ermənistanın KTMT oyunu: Rusiya bağışlayacaqmı? – ŞƏRH + FOTO
Ermənistanın KTMT oyunu: Rusiya bağışlayacaqmı? – ŞƏRH + FOTO
Ermənistan-Rusiya münasibətləri son zamanlar gərginləşən templə davam edir. Bunun əsas səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmasıdır. Tərəflər arasındakı gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında daha çox hiss olunur. Belə ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, bu təşkilat daxilindəki fəaliyyətini faktiki olaraq dayandırıb.
Bu ölkənin baş naziri Nikol Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın qurum daxilindəki fəaliyyətini dayandırdığını bildirmişdi.
Rusiyanın Xarici İşlər Nazirliyi və Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı N.Paşinyandan izahat tələb etdi. Belarus Prezidenti Aleksandr Lukaşenko isə dedi ki, KTMT Ermənistansız çökən deyil.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı növbəti açıqlama verərək bildirdi ki, İrəvanın KTMT tədbirlərində iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. O, bu açıqlaması ilə Ermənistanın KTMT ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirmiş oldu.
Rəsmi İrəvanın KTMT tədbirlərində iştirak etməməsi və bu qurumu boykot etməsi kiçik görünsə də, əslində kifayət qədər ciddi hadisədir. Məsələ burasındadır ki, Ermənistan KTMT üçün heç də həlledici aktor deyil. A.Lukaşenkonun dediyi kimi, KTMT Ermənistansız çökməyəcək. Amma bu, Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbə tərəf daha çox meyillənməsinin təzahürüdür. Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşması istiqamətindəki addımlar bu dövlətin Qərb ölkələri, o cümlədən Fransa ilə yaxınlaşması, habelə təhlükəsizlik zəmanətlərindən şikayət etdiyi dövrə təsadüf edir.
Ermənistanın uzun müddət çətiri altında olduğu Rusiyadan birdən-birə uzaqlaşması, böyük ehtimalla, Qərbin tələbidir. Fransa kimi dövlətlər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək və Rusiyanın regiondakı mövqelərini zəiflətmək üçün Ermənistandan istifadə edirlər. Ağ Ev, Yelisey Sarayı Ermənistanı silahlandırmaqla, bu dövlətə maddi vəsait ayırmaqla onu şirnikləndirir, sonra da özlərindən asılı vəziyyətə salırlar.
Qərbin Şərqi Avropada etdiklərini yada salaq; fərqli Qərb dövlətləri Ukraynanı şirnikləndirməklə bu dövləti başqa bir slavyan xalqı olan Rusiya ilə üz-üzə qoydular. İndi isə Ukraynanın arxasından geri çəkilirlər. Nə rəsmi Kiyevin, nə də Şərqi Avropanın taleyi Qərbi düşündürür.
Beləliklə, Qərb eyni ssenarini indi də Cənubi Qafqazda təkrarlamaq istəyir. Bu, əslində “işlənmiş kartdır”. Amma N.Paşinyan bu oyunun qurbanına çevrilir.
Ermənistan, yəqin ki, bundan sonra da Rusiyadan uzaqlaşmağa davam edəcək. Moskva hələ ki prosesə təmkinli yanaşır. Çünki özünə arxayındır. Ermənistanda Rusiyanın təkcə 102-ci hərbi bazasının mövcudluğu N.Paşinyan hakimiyyəti üçün “Damokl qılıncı”dır.
Böyük ehtimalla N.Paşinyan Qərbdən ciddi təhlükəsizlik təminatları alıb. Ona görə də asanlıqla Rusiya və KTMT əleyhinə çıxış edə bilir. Əlbəttə, rəsmi İrəvan birdən-birə KTMT-dən çıxmayacaq. Bu, çox riskli olar. Amma proses tədricən buna doğru gedir.
Ermənistanın KTMT-dən çıxması ilə Rusiya nə isə itirməyəcək. Amma bu, İrəvanın Moskvaya “meydan oxuması” olar. Rusiya isə bunu özünün “arxa bağçası” hesab etdiyi dövlətə bağışlamaz.
Beləliklə, Ermənistanın Qərblə Rusiya arasında poliqona çevriləcəyi barədə ehtimallar getdikcə artır. Rusiya mümkün qədər bundan çəkinməyə çalışacaq. Amma məcbur olsa, adekvat addımı atacaq. Nəticədə Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətinə nail olacaq.
İndi N.Paşinyan həm həyatı, həm də siyasi hakimiyyəti ilə “qumar oynayır”. Ən pis tərəfi odur ki, Qərbin “ipi ilə quyuya düşən” Ermənistanın qazanacaq az, itirəcək isə çox şeyi var.
“Report” İnformasiya Agentliyi