Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70 faizindən çoxunu işsiz və oxumayanlar törədiblər
Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70 faizindən çoxunu işsiz və oxumayanlar törədiblər
Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib.
Bu barədə Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd olunub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ərzində ölkədə qeydə alınmış 36 811 cinayət hadisəsinin 10 057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır. Onların 65,3 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 30,8 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,9 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8 697 şəxs müəyyən edilib. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,9 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,8 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, 2023-cü il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 1 972 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 faiz azdır.
Ötən il ərzində 6 343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1 939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qatranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.