Rəşad Mahmudov: “Heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir” – FOTO
Rəşad Mahmudov: “Heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir” – FOTO
“Cənab İlham Əliyevin yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki nitqi Azərbaycanın növbəti illərdəki inkişaf konturlarını müəyyən etdi. Dövlət başçısı Azərbaycan rəhbərliyinin yeni tərəfdaşlarla əməkdaşlığın qurulması və mövcud əlaqələr arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi zamanı həyata keçirəcəyi prioritetləri, istiqamətləri və vəzifələri açıqladı”.
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, Prezident çıxışı zamanı vurğulayıb ki, bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun inamıdır, vahid məqsəd ətrafında birləşmək bacarığıdır:
“Azərbaycan Prezidenti xalq üçün vacib olan bu mesajla çıxışına başladı. Bu gün Azərbaycan xalqı öz Vətəninin tarixinin ən parlaq, ən epoxal səhifələrini yaşayır. Çünki Azərbaycan yeni dövrə ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə inamla və başını dik tutaraq qədəm qoyur. Sarsılmaz əzmkarlıq, çalışqanlıq, birlik və müstəsna dözümlülük hamı üçün bir məqsədə – işğal olunmuş torpaqların azad edilməsinə və təcavüzkar üzərində tam danılmaz qələbəyə nail olmaq üçün vahid güc kimi birləşdi. Dövlət başçısı bununla bağlı çıxışında vurğuladı ki, indi ölkə qarşısında yeni dövrə aid yeni çağırışlar durur. Əsas vəzifə bir neçə ay əvvəl, Azərbaycan öz suverenliyini tam bərpa edəndə həll olundu. Ədalət və beynəlxalq hüququn tərəfində olan Azərbaycanın qətiyyəti və əzmkarlığı sayəsində regionda üzə çıxan reallıqlar Qərb liderlərini ayıldır, onları daha məntiqli və praqmatik nəticələrə gətirib çıxarır. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində siyasi və biznes elitasının nümayəndələri ilə görüşləri buna sübutdur.
Heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir. Buna görə də, Prezident İlham Əliyevin seçkidə qalib gələndən sonra çox mühüm proseslərə start veriləcəyini gözləmək təbiidir. Bu proseslər təkcə ölkəmizi deyil, həm də Cənubi Qafqaz regionunun siyasi, geosiyasi, geostrateji və iqtisadi sahələrini əhatə edəcək. Azərbaycanın coğrafiyası Qərb üçün önəmlidir. Ölkə Avropanı Çinlə birləşdirən Orta Dəhliz kimi tanınan dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinə açılan qapıdır. Aydındır ki, Avropa və Mərkəzi Asiya arasında alternativ ticarət yollarını dəstəkləmək Qərbin strateji maraqlarına uyğundur.
Neft strategiyasının həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi təkcə sosial-iqtisadi məsələlərin deyil, həm də xarici siyasət problemlərinin həlli üçün geniş imkanlar yaratdı. Azərbaycan zamanla borclu ölkədən donor ölkəyə çevrildi. Azərbaycan təkcə Gürcüstanda, İranda, Rusiyada, Serbiyada, Ukraynada investisiya layihələri həyata keçirmir, ölkəmiz həm də Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrində xeyriyyə layihələri həyata keçirərək yumşaq güc alətlərindən istifadə edir. Bu illər ərzində Bakı siyasi, mədəni və idman xarakterli onlarla beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bütün bunlar təbii ki, ölkənin həm regional, həm də qlobal geosiyasi miqyasda mövqelərini gücləndirdi”.
“Müasir cəmiyyətin inkişafının prioritet istiqamətlərindən biri də gənc nəslin milli ideologiyaya uyğun yetişdirilməsidir. İstənilən dövlət gənc vətəndaşlarına milləti birləşdirən dəyərləri, xalqının qəhrəmanlıq keçmişinə, mədəniyyətinə hörmət hissini aşılayır, bununla da ölkəsinin böyük vətənpərvərlər ordusunu yetişdirir.
Yeni dövrdə vətəndaşlıq və birlik Azərbaycan xalqı üçün xüsusi, əhəmiyyətli məna kəsb edir. Andiçmə mərasimində Prezident İlham Əliyev vacib bir məsələyə toxunaraq bildirdi ki, ideoloji risklər, xüsusən də indiki şəraitdə sərhəd tanımır. Ona görə də burada əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli adət-ənənələr ruhunda tərbiyə olunmasıdır. Ölkə başçısı xüsusilə vurğuladı ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır və bu dövlətin əsas vəzifələrindən biridir. Prezident İlham Əliyev bu məsələdə devizimiz də açıqladı: Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”, – deyə millət vəkili qeyd edib.
Könül Cəfərli